Tramp Putinlə görüşdə Ukrayna kartını masaya qoymayacaq?
ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Cinpinlə üçtərəfli görüşdə Ukrayna məsələsini müzakirə etməkdən yayınacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Tramp üçtərəfli görüşdən İran müharibəsini müzakirə etmək üçün istifadə etməyi planlaşdırır, lakin Ukrayna məsələsini gündəmə gətirmək istəmir.
Məlumata əsasən, danışıqlarda əsas diqqət iqtisadi əməkdaşlığa yönələcək. Süni intellekt və biznes razılaşmaları da görüşün gündəliyində yer alacaq.
“Bloomberg” qeyd edir ki, üçtərəfli görüş Kiyevdə və Qərb ölkələrinin paytaxtlarında narahatlıq yarada bilər. Çünki bu format Vladimir Putinə Moskvanın maraqlarına uyğun sülh razılaşmasının formalaşdırılması üçün imkan yarada bilər.
Xatırladaq ki, Putin, Tramp və Si Cinpinin görüşünün noyabrın 19-da Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, görüşdə Ukrayna məsələsinin müzakirə olunmayacağı barədə daha əvvəl “Associated Press” də mənbələrinə istinadən məlumat yayıb.
18:40 16.11.2026
Oxunuş sayı: 47