İspaniya Baş naziri: Hakimiyyətin 50 faizi qadınların əlində olmalıdır
İspaniyanın Baş naziri Pedro Sançes siyasi, iqtisadi və sosial həyatda qadınların təmsilçiliyinin artırılmasının vacibliyini vurğulayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
"Əgər əhalinin 50 faizini qadınlar təşkil edirsə, siyasi, iqtisadi və sosial hakimiyyətin də 50 faizi qadınların əlində olmalıdır", – deyə Baş nazir qeyd edib.
Sançes iri şirkətlərin idarəetmə orqanlarında da gender balansının təmin edilməsinin vacibliyini bildirib.
Onun sözlərinə görə, böyük şirkətlərin direktorlar şurasında qadınların təmsilçiliyi ən azı 40 faiz təşkil etməlidir. Gender balansının qorunması üçün bu göstərici 60 faizə qədər çata bilər.
Qeyd edək ki, İspaniyada 2024-cü ildə qəbul edilmiş gender bərabərliyi haqqında qanun şirkətlərin idarəetmə orqanlarında qadın və kişilərin balanslı təmsilçiliyini nəzərdə tutur.
Qanunvericiliyə əsasən, müvafiq şirkətlərin direktorlar şurasında az təmsil olunan cinsin payı ən azı 40 faiz olmalıdır.
16:53 16.11.2026
Oxunuş sayı: 73