Türkiyə və Qətər güclərini birləşdirir: Yaxın Şərqdə balans dəyişir
Türkiyə ilə Qətər arasında imzalanan “Qarşılıqlı Müdafiə Sazişi” iki ölkənin münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Yaxın Şərqdə və Fars körfəzi regionunda geosiyasi gərginliyin artdığı, təhlükəsizlik çağırışlarının mürəkkəbləşdiyi bir dövrdə bu razılaşma Ankara və Doha arasında hərbi-siyasi əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Saziş tərəflərin müdafiə sahəsində imkanlarını birləşdirməklə yanaşı, regional proseslərdə mövqelərinin möhkəmlənməsinə də təsir göstərə bilər. Bəs bu razılaşma Türkiyə və Qətərə nə vəd edir? Tərəflər belə bir əməkdaşlığa hansı strateji ehtiyacdan çıxış edərək imza atıblar və saziş regionun təhlükəsizlik arxitekturasına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov qeyd edib ki, Türkiyə Respublikası ilə Qətər Dövləti arasında imzalanan bu sənəd hər iki ölkənin milli maraqlarına xidmət edən mühüm razılaşmadır: "Bu, sadəcə, qarşılıqlı müdafiə sazişi deyil. Sənəd müdafiə, təhsil, ticarət, münaqişələrin həlli və digər sahələrdə əməkdaşlığı əhatə edir. Başqa sözlə, tərəflər arasında strateji tərəfdaşlığın və çoxşaxəli əməkdaşlığın tamamilə yeni mərhələyə yüksəldilməsi məqsədi daşıyır. Son dövrlərdə Fars körfəzi regionunda münaqişələrin artması və Yaxın Şərqdəki mürəkkəb vəziyyət Türkiyədə də ciddi narahatlıq doğurur. Bu baxımdan, Türkiyə ilə Qətər arasında qarşılıqlı müdafiə sazişinin imzalanmasını regionda sabitliyin qorunması və mövcud problemlərin həlli istiqamətində atılan mühüm addım kimi qiymətləndirirəm. Bundan əvvəl Səudiyyə Ərəbistanı, Türkiyə və regionun digər ölkələri arasında əldə olunmuş razılaşmalar da bölgədə sabitliyin təmin edilməsi və əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət daşıyırdı. Türkiyə ilə Qətər arasında imzalanan bu saziş də həmin istiqamətdə atılan növbəti addımlardan biridir. Hesab edirəm ki, saziş çərçivəsində tərəflər arasında birgə hərbi təlimlərin keçirilməsi, eləcə də Qətərin Türkiyənin güclü müdafiə sənayesi kompleksinin imkanlarından daha geniş şəkildə yararlanması nəzərdə tutula bilər. Bu əməkdaşlıq hər iki dövlətin müdafiə potensialının güclənməsinə töhfə verəcək".

Ekspert qeyd edib ki, bir sözlə, Türkiyə ilə Qətər arasında imzalanan qarşılıqlı müdafiə sazişi hər iki ölkənin milli maraqlarına xidmət edən mühüm və tarixi sənəddir: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani də bu razılaşmanın hər iki dövlətin maraqları baxımından əhəmiyyətini xüsusi vurğulayıblar. Bu sənədi Türkiyənin Yaxın Şərqdə və xüsusilə Fars körfəzi regionunda artan nüfuzunun davamı kimi qiymətləndirirəm. Eyni zamanda, Qətərin Türkiyənin hərbi gücündən və inkişaf etmiş müdafiə sənayesinin imkanlarından yararlanmaq niyyəti də bu əməkdaşlığın əhəmiyyətini artırır. Nəticə etibarilə, bu saziş hər iki dövlət üçün həm hərbi-siyasi, həm iqtisadi, həm də strateji baxımdan mühüm dayaq rolunu oynaya bilər".
Ayhan
12:00 16.11.2026
Oxunuş sayı: 116