Çin Tayvan yaxınlığına 100-dən çox hərbi gəmi göndərib
Çin noyabrın əvvəlində Tayvan ətrafında və Sakit okeanın qərb hissəsində 100-dən çox hərbi və sahil mühafizə gəmisinin iştirakı ilə genişmiqyaslı təlimlər keçirib. Pekin hərbi manevrlər barədə əvvəlcədən rəsmi açıqlama verməyib.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə məlumat yayıb.
Tayvan rəsmilərinin bildirdiyinə görə, təlimlər zamanı digər ölkələrin hərbi qüvvələrinə və Tayvan da daxil olmaqla şəhərlərə qarşı hücumların simulyasiyası həyata keçirilib.
Tayvan tərəfi bu fəaliyyətləri “səssiz hədə-qorxu” kimi qiymətləndirib.
Məlumata əsasən, hərbi manevrlərdə Çinin şərq, şimal və cənub hərbi komandanlıqlarının donanma qüvvələri birgə iştirak edib.
Tayvan rəsmiləri hesab edirlər ki, Çin bu təlimlər zamanı yalnız adanın mümkün blokadasını deyil, həm də Sakit okeanın qərb hissəsində daha geniş hərbi əməliyyatların keçirilməsini məşq edib.
Bildirilir ki, təlimlərin miqyası Çinin Tayvana qarşı keçirdiyi və rəsmi şəkildə elan etdiyi sonuncu “Ədalət missiyası – 2025” hərbi manevrlərini də geridə qoyub.
Tayvanın yüksəkvəzifəli təhlükəsizlik rəsmisinin sözlərinə görə, təlimlər zamanı Çin sualtı qayığı Sarı dənizdən ölkənin materik hissəsi istiqamətində qitələrarası ballistik raket buraxıb. Bu məlumat müstəqil şəkildə təsdiqlənməyib.
Noyabrın 13-nə olan məlumata görə, regiondakı Çin gəmilərinin sayı təxminən 70-ə qədər azalıb. Bununla belə, “Liaoning” aviadaşıyıcısının rəhbərlik etdiyi hərbi dəniz qrupu və digər birləşmələr bölgədə fəaliyyətini davam etdirir.
Çin tərəfi aviadaşıyıcının fəaliyyətini adi hərbi hazırlıq tədbirləri kimi təqdim edib və təlimlərin hər hansı konkret ölkəyə qarşı yönəlmədiyini bildirib.
17:50 13.11.2026
Oxunuş sayı: 98