Aİ Ukraynaya əlavə maliyyə ayırmadı
Avropa İttifaqı Ukraynanın 2026-cı il üçün əlavə maliyyələşdirmə vəsaitinin öncədən ayrılması ilə bağlı müraciətini qəbul etməyib və yeni ödənişlər üçün bir sıra islahatların həyata keçirilməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, “Financial Times” bu barədə məlumat yayıb.
Nəşrin Avropa Komissiyası üzvlərinin Ukrayna parlamentinin spikeri Ruslan Stefançuka göndərdiyi məktuba istinadən yaydığı məlumata görə, Kiyev maliyyələşmənin növbəti hissəsini əldə etmək üçün müəyyən islahatları tamamlamalıdır.
Tələblər arasında kiçik bağlamalar üçün ƏDV güzəştinin ləğvi və rəqəmsal platformaların vergiyə cəlb olunması ilə bağlı yeni qaydaların tətbiqi də var. Ukrayna Ali Radası bu istiqamətdə iki qanun layihəsini qəbul edib. Lakin sənədlərə siyasi əhəmiyyətli şəxslərlə bağlı maliyyə monitorinqi tələblərini yumşaldan düzəlişlərin daxil edilməsi Aİ-nin narahatlığına səbəb olub.
Avropa İttifaqı korrupsiyaya qarşı mübarizə çərçivəsində siyasi əhəmiyyətli şəxslərlə bağlı maliyyə nəzarətinin gücləndirilməsini maliyyə dəstəyinin şərtlərindən biri kimi müəyyən edib. Aİ-nin 2026–2027-ci illər üçün Ukraynaya maliyyə dəstəyi mexanizmi də hüququn aliliyi, korrupsiyaya qarşı mübarizə və digər islahatlarla bağlı şərtlərlə əlaqələndirilib.
13:07 03.10.2026
Oxunuş sayı: 45