Estoniya Rusiyaya qarşı ittiham irəli sürdü
Estoniya Xarici İşlər Nazirliyi Tallində hərbi robototexnika şirkətinin obyektində baş verən yanğından sonra Rusiyanın müvəqqəti işlər vəkili Kamran Abilovu nazirliyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Rusiyanın Estoniyadakı səfirliyi bu barədə məlumat yayıb.
Görüşün əsas mövzusu avqustun 15-də Tallində hərbi robototexnika istehsal edən “Milrem Robotics” şirkətinin anbarında baş verən yanğın olub. Estoniya tərəfi hadisə ilə bağlı Rusiya nümayəndəsinə ittihamlar irəli sürüb.
Rusiya səfirliyinin məlumatına görə, Estoniya Xarici İşlər Nazirliyi ittihamları təsdiqləyən hər hansı sübut təqdim etməyib və hadisə ilə bağlı araşdırmanın davam etdiyini bildirib.
Diplomatik nümayəndəlik Estoniya tərəfinin bu cür açıqlamalarını Rusiyanın Avropada “hibrid hücumlarda” iştirakına dair təsəvvür yaratmaq cəhdi kimi qiymətləndirib.
Qeyd edək ki, avqustun 15-nə keçən gecə Kiyevə yerüstü pilotsuz platformalar tədarük edən “Milrem Robotics” şirkətinin Tallindəki obyektində yanğın baş verib. Estoniya Xarici İşlər Nazirliyi yanğına görə Rusiyanın məsuliyyət daşıya biləcəyini açıqlayıb.
23:03 29.09.2026
Oxunuş sayı: 40