430 min dollarlıq boyunbağının arxasındakı sirr
Britaniyanın kral ailəsinin tarixi ilə bağlı maraqlı hekayəsi olan mirvari və brilyant boyunbağı İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda 430 min dollara satılıb.
Crossmedia.az xəbər verir ki, “Phillips” hərrac evində satışa çıxarılan zinət əşyası 327 min funt sterlinqə alıcı tapıb. Boyunbağı XIX əsrdə Britaniya kraliçası Viktoriyaya məxsus olmuş məşhur zinət əşyasının surəti əsasında hazırlanıb.
Boyunbağının sifarişçisi isə Böyük Britaniya kralı V Corcun həyat yoldaşı, qiymətli zinət əşyalarına xüsusi marağı ilə tanınan kraliça Mariya olub. O, bu surəti 1928-ci ildə sifariş edib. Lakin Mariyanın orijinal boyunbağını heç vaxt taxmadığı məlumdur. Onun niyə həmin zinət əşyasının bənzərini hazırlatdığı isə bu günədək sirr olaraq qalır.
Boyunbağının orijinalının tarixi 1887-ci ilə gedib çıxır. Həmin vaxt Britaniya aristokratiyasının nümayəndələri kraliça Viktoriyanın hakimiyyətinin 50 illiyi münasibətilə vəsait toplamaq qərarına gəliblər. Toplanan pulun bir hissəsi şahzadə Albertin xatirəsinə abidə ucaldılması üçün nəzərdə tutulsa da, ianələrin məbləği tələb olunandan xeyli çox olub.
Viktoriya artıq qalan 70 min funt sterlinqin tibb bacılarına dəstək fonduna yönəldilməsini istəyib. Lakin təşkilatçılar arasında mübahisə yaranıb. Bəziləri kraliçaya şəxsi hədiyyə təqdim edilməsini, digərləri isə bütün vəsaitin xeyriyyə məqsədlərinə sərf olunmasını müdafiə ediblər.
Nəticədə kraliça üçün brilyant nişan hazırlanması təklif edilsə də, Viktoriya bu ideyanı qəbul etməyib. Daha sonra boyunbağının hazırlanmasına 5 min funt sterlinq ayrılıb və sifariş “Carrington & Co” zərgərlik evinə verilib.
Dördyarpaqlı yonca formasında hazırlanan orijinal boyunbağı brilyantlar və təbii mirvarilərlə bəzədilib, üst hissəsində isə tac təsviri yer alıb. Mirvarilər 1861-ci ildə vəfat edən şahzadə Albertin xatirəsinə tökülən göz yaşlarını simvolizə edib. Həyat yoldaşının ölümündən sonra Viktoriya təxminən 40 il matəm geyimləri geyinib, onları ağ krujeva, mirvari və brilyantlarla tamamlayıb.
Sonradan boyunbağı kraliça Viktoriyanın sevimli zinət əşyalarından birinə çevrilib və kral ailəsinin irsi sərvəti elan edilib. Zinət əşyasını daha sonra onun kötücəsi, kraliça II Elizabet də taxıb. II Elizabet 1952-ci ildə taxta çıxdıqdan sonra parlamentin açılış mərasimində həmin boyunbağı ilə iştirak edib.
Kraliça Mariyanın sifariş etdiyi surət isə bəzi xüsusiyyətlərinə görə orijinaldan fərqlənib. Təbii mirvarilərin əvəzinə becərilmiş mirvarilərdən, gümüş və qızıl əvəzinə isə platindən istifadə olunub. Bundan başqa, surətdə orijinal boyunbağının yuxarı hissəsindəki tac elementi olmayıb.
Zinət əşyasının ilkin satış qiyməti 110-165 min funt sterlinq arasında müəyyənləşdirilsə də, hərracda bu məbləğdən xeyli yüksək qiymətə satılıb.
Məlumata görə, bu boyunbağının başqa bir surəti də 1963-cü ildə hazırlanıb. Şahzadə Aleksandra onu həyat yoldaşı Anqus Oqilvidən toy hədiyyəsi olaraq alıb.
Kraliça Mariya İkinci Dünya müharibəsi illərində də qiymətli zinət əşyalarına xüsusi diqqət yetirib. Londonu tərk edərək Badminton House malikanəsinə köçdüyü zaman belə, kral xəzinəsinin qorunmasını tələb edib. Hətta hava hücumları zamanı zinət əşyalarının təxliyə edilərkən də özləri ilə aparılmasını tapşırıb.
Müharibədən sonra kraliça altı il onu evində qonaq saxlayan qardaşı qızına minnətdarlıq əlaməti olaraq Viktoriyanın boyunbağısının surətini hədiyyə edib. Övladı olmayan hersoginya 1986-cı ildə, ölümündən bir il əvvəl həmin zinət əşyasını satıb. Boyunbağı bundan sonra bir neçə şəxsi kolleksiyaçının əlinə keçib və nəhayət, Cenevrədəki hərracda yenidən satışa çıxarılıb.
Beləliklə, 430 min dollara satılan boyunbağı yalnız qiymətli daş-qaş nümunəsi deyil, həm də Britaniya kral ailəsinin bir əsrdən artıq tarixini özündə birləşdirən nadir tarixi əşyalardan biridir.
06:07 14.11.2026
Oxunuş sayı: 36