İrəvan Moskvaya qarşı çıxdı: Aİİ-yə müraciət etdi
Ermənistan Rusiyanın erməni məhsullarının Avrasiya İqtisadi İttifaqı (Aİİ) bazarına çıxışına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi Komissiyasına müraciət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan açıqlama verib.
Nazirin sözlərinə görə, oktyabr ayında keçiriləcək Avrasiya İqtisadi Komissiyasının iclasında məsələ ilə bağlı qərar qəbul ediləcək.
Papoyan bildirib ki, Ermənistan Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin ticarət maneəsi kimi tanınmasını və aradan qaldırılmasını istəyir.
“Biz hesab edirik ki, bu, bir ölkə tərəfindən digər ölkəyə qarşı yaradılmış maneədir. Aİİ qaydalarına əsasən, belə tədbirlər tətbiq edilərsə, digər ölkə Avrasiya İqtisadi Komissiyasına müraciət edə bilər. Əgər Komissiya bunu maneə kimi tanıyarsa, həmin dövlət 30 gün ərzində maneəni aradan qaldırmalıdır”, – deyə nazir qeyd edib.
Qeyd edək ki, Ermənistan və Rusiya arasında son dövrlərdə müxtəlif sahələrdə, o cümlədən iqtisadi və ticarət münasibətlərində fikir ayrılıqları müzakirə olunur.
15:02 29.09.2026
Oxunuş sayı: 43