Apple 5,7 milyard dollar cərimə ödəyəcək
ABŞ-də münsiflər heyəti Apple-ın başqa şirkətə məxsus texnologiyadan icazəsiz istifadə etdiyinə qərar verib və şirkəti 5,7 milyard dollar təzminat ödəməyə məhkum edib.
Crossmedia.az xəbər verir ki, “BBC” bu barədə məlumat yayıb.
Səs texnologiyaları şirkəti “Taction Technology” 2021-ci ildə Apple-ı haptik sistemlərlə bağlı iki patentini pozmaqda ittiham edib. Bu texnologiya mesaj qəbul edilməsi və ya düyməyə basılması kimi əməliyyatlar zamanı cihazların vibrasiya verməsini təmin edir.
Sözügedən texnologiya “iPhone” və “Apple Watch” kimi cihazlarda istifadə olunur.
Apple isə “Taction Technology”nin vibrasiya texnologiyasından istifadə etmədiyini bildirib və məhkəmənin qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.
Şirkətdən bildirilib ki, qərar və müəyyən edilən təzminat məbləği faktlarla əsaslandırılmayıb. Apple həmçinin özünün “Taptic Engine” sisteminin “Taction Technology”nin texnologiyasından əsaslı şəkildə fərqləndiyini vurğulayıb.
Haptik texnologiya vibrasiyalar vasitəsilə istifadəçidə toxunma və hissiyat effektini yaradaraq cihazlarla qarşılıqlı əlaqəni təmin edir. Bu sistemlər müasir smartfon, ağıllı saat və videooyun konsollarında geniş istifadə olunur.
Belə cihazlarda xüsusi elektron siqnallara uyğun hərəkət edən kiçik mühərriklər yerləşdirilir və bununla istifadəçiyə müxtəlif əməliyyatlar barədə toxunma vasitəsilə siqnal verilir.
02:14 29.09.2026
Oxunuş sayı: 49