Aİ hücumlara qarşı yeni təhlükəsizlik protokolu hazırlayır
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas Aİ Komissiyasının sədri Ursula von der Leyenin təklif etdiyi “təcili təhlükəsizlik protokolu”nun NATO ilə uzlaşdırılmalı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Anadolu Agentliyinin məlumatına görə, Kallas bu barədə Brüsseldə yay tətilindən sonra keçirilən ilk Aİ müdafiə nazirləri toplantısının ardından jurnalistlərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, nazirlər “boz zona” hücumlarına cavab vermək üçün koordinasiya mexanizmi yaratmağı nəzərdə tutan protokolu müzakirə ediblər. Kallas bildirib ki, mexanizm NATO-nu tamamlamalı və Aİ-yə Rusiyanın hibrid hücumlarına qarşı daha əlaqələndirilmiş cavab vermək imkanı yaratmalıdır.
Kallas protokolun konkret necə işləyəcəyini açıqlamaq üçün hələ tez olduğunu deyib. O, sənəd üzərində Aİ üzvü olan ölkələrlə yanaşı, NATO-nun baş katibi Mark Rütte ilə də işləməli olduqlarını vurğulayıb.
Aİ-nin ali nümayəndəsi qeyd edib ki, protokol silahlı hücum səviyyəsinə çatmayan və NATO-nun 5-ci maddəsinin əhatə etmədiyi hallarda üzv ölkələrin atacağı addımlara fokuslanır. Onun sözlərinə görə, bir sıra üzv dövlətlər mexanizmin NATO ilə tamamlayıcı xarakter daşımalı olduğunu xüsusi vurğulayır.
Kallasın sözlərinə görə, von der Leyen bu təşəbbüsü hibrid hücumların NATO üzvü olmayan Aİ ölkəsinə qarşı yönəldiyi halda Birliyin ümumi cavabını əlaqələndirmək məqsədilə irəli sürüb. Protokol üzərində iş davam etdiriləcək.
17:02 28.09.2026
Oxunuş sayı: 43