27 Sentyabr: Şəhidlərin xatirəsindən Zəfər tarixinin başlanğıcına
27 Sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu tarix 2020-ci il Vətən müharibəsinin başladığı günlə bağlıdır və Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il Anım Günü kimi təsis edilib. Sərəncamda Vətən müharibəsində şəhid olan hərbçilərin və bütün şəhidlərin xatirəsinə dərin ehtiram ifadə olunur.
2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar 44 gün davam edib və noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla dayandırılıb. Müharibə Azərbaycanın uzun illər davam edən Qarabağ münaqişəsi fonunda baş verdi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı qətnamələr qəbul edərək hərbi əməliyyatların dayandırılmasına və işğal olunmuş ərazilərdən qüvvələrin çıxarılmasına çağırmışdı. 2020-ci il müharibəsi zamanı Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini və strateji yüksəklikləri nəzarətə götürdü; Prezidentin rəsmi xronologiyasında həmin ərazilərin azad edilməsi tarixlər üzrə təqdim olunur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Pərvanə Vəliyeva Crossmedia.az-a açıqlamasında bildirib ki, 27 Sentyabr “Anım Günü” Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin ehtiramla yad edildiyi mühüm tarixi gün olmaqla, şəhidlərimizin müqəddəs xatirəsinə dərin hörmət və ehtiramın ifadəsi, həmçinin xalqımızın Vətənə, dövlətə və milli dəyərlərə bağlılığını nümayiş etdirən bir gündür:
"Məhz ölkə başçısı cənab İlham Əliyevin 27 Sentyabrın Anım Günü kimi qeyd olunmasına dair verdiyi 2 dekabr 2020-ci il tarixli Sərəncam həmin tarixin əhəmiyyətini bir daha ortaya qoyan olduqca vacib təşəbbüsdür. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub. Müharibə dövründə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə bərabər, arxa cəbhədə çalışan mülki şəxslər bir yumruq və bir ideya altında birləşərək ordumuzun ruhdan düşməməsi, əksinə, daha da şücaətlə döyüşərək düşmənə qalib gəlməsi və qətiyyətli zəfərin əldə edilməsi naminə hər cür çətinliklərə sinə gərmiş və uzun illər düşmən tərəfindən işğal olunan torpaqlarımızın azad edilməsinə nail olmuşlar. Məlumdur ki, təxminən 30 ilə yaxın müddət ərzində qonşu Ermənistan dövləti öz işğalçı siyasətini davam etdirərək Qarabağ torpaqlarında müxtəlif təxribatlar törətmiş, bu ərazilərdə yaşayan dinc sakinlərimizə qarşı tarixdə misli-bərabəri görünməyən təcavüzlər və soyqırımlar törədərək insanların öz yurd-yuvalarında rahat yaşamasına imkan verməmişdir. Bütün bu əziyyətlərə sinə gərən və haqsızlıqlarla barışmayan xalqımızın mərd, şücaətli oğul və qızları nəhayət, 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli fikrini dəstəkləyərək, ölkə başçısının tək bir əmri ilə bir olub ayağa qalxmış və uzun illər əsarətdə olan torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi naminə öz canlarından və qanlarından keçmişlər. Belə ki, bu 30 ilə yaxın müddətdə Qarabağ torpaqlarının azadlığı ilə bağlı bir çox beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti, iki tərəf arasında mövcud olmuş münaqişənin dondurulmasına çalışması və bununla da illər ərzində aparılan siyasi danışıqların nəticəsiz qalması xalqımızın səbrinin tükənməsinə, məsələnin müharibə yolu ilə birdəfəlik həll edilməsinə gətirib çıxarmışdır. Bu illər ərzində BMT tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndiyi üçün BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi icra olunmadan qalmışdır. Buna baxmayaraq, 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını, qəbul edilmiş beynəlxalq qətnamələrin icrasının ölkəmizin qüdrəti və xalqımızın gücü hesabına həyata keçirilməsini nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı təxribatlarını davam etdirmişdir”.
Deputat qeyd edib ki, nəhayət, 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrinin cəbhə boyu mövqelərinə və bir çox rayonlarımızın yaşayış məntəqələrinə davamlı artilleriya zərbələri endirməklə xalqımıza qarşı növbəti təcavüzə başlamışlar: “Bu isə hərbi qulluqçularımızla bərabər, ikisi azyaşlı olmaqla, 11 dinc sakinimizin həlak olması ilə nəticələnmişdir. Bununla da düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 9 noyabr tarixinədək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, həmrəylik nümayiş etdirərək müharibənin sonuna kimi döyüşmüş, düşməni torpaqlarımızdan qovub çıxartmış və onlara 30 illik səbrin nəticəsini göstərmişdir. Bütün bu uğurlu qələbəmiz isə qəhrəman şəhidlərimizin, həmçinin qazi və veteranlarımızın sayəsində baş vermişdir. Bu səbəbdən də döyüş meydanında qəhrəmanlıq nümayiş etdirən, Vətən uğrunda canını və qanını fəda edən şəhidlərimizin xatirəsinə ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Bundan başqa, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar. Bu gün ölkənin müxtəlif bölgələrində şəhidlərin məzarları ziyarət edilir, onların ailələrinə diqqət və qayğı göstərilir, Vətən müharibəsində həyatını itirmiş insanların xatirəsi müxtəlif tədbirlərlə yad olunur. Dövlət və cəmiyyət səviyyəsində keçirilən anım mərasimləri şəhidlərin həyat yolunun və qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu səbəbdən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət cəmiyyətin mənəvi məsuliyyətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Şəhidlərin ailələrinin və övladlarının daim diqqətdə saxlanılması, onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi həyata keçirilir. Beləliklə, şəhidlik Azərbaycan cəmiyyətində Vətən uğrunda ən böyük fədakarlıq kimi qəbul olunur. 27 Sentyabr – Anım Günü bu fədakarlığın unudulmaması və şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
Zeynəb Həsən
19:51 25.09.2026
Oxunuş sayı: 47