Həll edilə bilməyən tıxac problemi iqtisadiyyata nə qədər ziyan vurur?
Bakıda nəqliyyat sıxlığı şəhər sakinlərinin gündəlik hərəkətinə təsir etməklə yanaşı, iş vaxtının itirilməsi, yanacaq sərfiyyatının artması və logistika xərclərinin yüksəlməsi kimi iqtisadi nəticələr də yaradır. Paytaxtda avtomobillərin sayının və hərəkət intensivliyinin artması fonunda tıxacların iqtisadi yükü də diqqət çəkən məsələlərdən birinə çevrilib. Müxtəlif hesablamalarda tıxacların yaratdığı iqtisadi itkilərin ölkə ÜDM-nin 1-3 faizi səviyyəsində ola biləcəyi bildirilir. 2027-ci il üçün 141 milyard manatlıq ÜDM proqnozu nəzərə alındıqda, belə bir pay milyardlarla manatlıq potensial itki deməkdir. Bu baxımdan Bakıda tıxacların yalnız nəqliyyat deyil, həm də iqtisadi problem kimi qiymətləndirilməsi və yaranan itkilərin azaldılması üçün hansı tədbirlərin görülməsi məsələsi aktuallaşır.
Crossmedia.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev Bakıda tıxac probleminin yalnız yolların genişləndirilməsi ilə həll edilə bilməyəcəyini, bunun üçün operativ idarəetmə, ictimai nəqliyyatın inkişafı və şəhərsalma-nəqliyyat planlaşdırmasının əlaqələndirilməsinin vacib olduğunu bildirib: “Bakıda tıxac problemini yalnız yolların genişləndirilməsi ilə həll etmək mümkün deyil. Burada həm təcili, həm də uzunmüddətli tədbirlər paralel aparılmalıdır. Son günlər xüsusilə də yeni tədris ilinin başlanması ilə əsas magistrallarda sıxlığın kəskin artması göstərir ki, mövcud sistem pik saatlarda əlavə yükü tam qarşılaya bilmir. Təcili mərhələdə ilk növbədə, zənnimcə, tıxacın yarandığı kritik nöqtələr üzrə operativ idarəetmə gücləndirilməlidir. Qəza, yol təmiri, nasaz avtomobil və ya qanunsuz parklanma kimi kiçik bir hadisə faktiki olaraq böyük magistralda zəncirvari sıxlıq yarada bilir. Burada önəmli məsələ qəza və maneələrin mümkün qədər tez aradan qaldırılması, yol polisi və nəqliyyatın idarə edilməsi mərkəzlərinin düzgün koordinasiyası, svetoforların real vaxtda nəqliyyat axınına uyğun tənzimlənməsidir. Bunlar çox vacib məsələlərdən biridir. Son aylarda da qəza və təmir işlərinin ayrı-ayrı istiqamətlərdə ciddi sıxlığa səbəb olduğunu biz konkret olaraq həyatımızda müşahidə edirik”.

Samir Vəliyev tıxacın azaldılmasında ictimai nəqliyyatın üstünlüyünün təmin edilməsinin də vacib olduğunu bildirib: “İkinci önəmli, mühüm məsələlərdən biri də ictimai nəqliyyatın üstünlüyünün təmin edilməsidir. İnsanları şəxsi avtomobildən ictimai nəqliyyata keçirmək, mən hesab edirəm ki, tıxacın davamlı şəkildə azalmasını təmin edəcək addımlardan biridir. Burada önəmli məsələlərdən biri avtobus zolaqlarının düzgün istifadə olunmasıdır. Bu, yalnız kağız üzərində qalmamalıdır. Faktiki olaraq, avtobus zolaqları qorunmalıdır. Avtobusların hərəkət intervalı və marşrutların bir-biri ilə əlaqələndirilməsi yaxşılaşdırılmalıdır. Hazırda aidiyyəti məlumatlara görə, Bakıda 114 kilometrdən artıq avtobus zolağı mövcuddur və 2026-cı ilin sentyabrında xəttə buraxılan avtobusların sayının 2530-a çatdırılması planlaşdırılır. Bu, deməkdir ki, avtobus zolaqlarında faktiki olaraq 2500-dən yuxarı avtobusun hərəkəti gözlənilir. Bu da avtobus zolaqlarında avtobusların hərəkətinin düzgün tənzimlənməsinin mütləq şəkildə təmin olunmasını başlıca elementlərdən birinə çevirir”.
Deputat Bakı üçün vahid şəhər mobilliyi modelinin formalaşdırılmasının vacibliyini də vurğulayıb: “Eyni zamanda biz onu da nəzərə almalıyıq ki, bu gün Bakı üçün vahid şəhər mobilliyi modeli faktiki olaraq mövcud deyil, qurulmayıb. Burada metro, avtobus, şəhərətrafı dəmir yolu, parklanma sistemi, eyni zamanda piyada və velosiped infrastrukturu bir-birindən faktiki olaraq ayrı qurulub. Vahid sistem planlı şəkildə mövcud olmadığından belə xarakterli tıxaclarla biz bu gün üzləşirik”.
O, avtomobillərin nizamsız saxlanılmasının da nəqliyyat sıxlığına təsir etdiyini qeyd edib: “Orada bir önəmli məsələ də var, bu da avtomobillərin nizamsız saxlanılmasıdır. Xüsusilə də məktəblərin yaratdığı pik yükün idarə olunmasında biz müvafiq çətinlikləri görürük. Pik saatlarında məktəb qarşısında avtomobillərin nizamsız saxlanılması həm bir tərəfdən küçəyə, eyni zamanda bütün avtomobil nəqliyyatı arteriyasına ciddi yük yaratmış olur. Bir çox ölkələrdə artıq bu tətbiq olunur. Məktəblərin qarşısında məktəb zonaları, qısa müddətli düşmə məntəqələri və təhlükəsiz piyada infrastrukturu təşkil olunur ki, bu da nəticə etibarilə məktəblərin qarşısında nəqliyyat tıxacının aradan qaldırılmasına çox ciddi şəkildə müsbət təsir göstərir”.
Samir Vəliyev Bakının tıxac probleminin üç əsas istiqamət üzrə paralel həll edilməsinin vacib olduğunu bildirib: “Ümumiyyətlə, mən hesab edirəm ki, Bakının tıxac probleminin həlli üç əsas istiqamət üzrə paralel aparılmalıdır. Bu, operativ idarəetmədir. Birinci növbədə güclü ictimai nəqliyyat və şəhərsalma-nəqliyyat planlaşdırılmasının inteqrasiyasıdır. Bu üç amil faktiki olaraq paralel işlədikdə tıxac probleminin aradan qaldırılması və yaxud da minimallaşdırılması, hesab edirəm ki, mümkündür”.
Deputat bildirib ki, əsas məqsəd avtomobillər üçün daha çox yol zolağının yaradılması deyil, insanların şəxsi avtomobildən asılılığını azaltmağa imkan verən şəhər infrastrukturu formalaşdırmaq olmalıdır: “Burada avtomobillər üçün daha çox yol zolağının yaradılması yox, insanların avtomobillə məcbur qalmadan hərəkət edə bildiyi şəhər infrastrukturu, şəhər yaratmaq modeli ortaya qoyulmalıdır. Yəni insanlar avtomobillərdən yox, daha çox ictimai nəqliyyatdan istifadə etməlidirlər. Bunun üçün də ictimai nəqliyyatın göstərdiyi xidmət elə bir səviyyədə olmalıdır ki, insanlar ondan düzgün yararlana bilsinlər. Öz şəxsi avtomobillərindən yox, daha çox ictimai nəqliyyatdan istifadə etsinlər”.
Samir Vəliyev tıxacların əvvəlcədən proqnozlaşdırılması və nəqliyyat axınının planlı şəkildə idarə edilməsinin də vacib olduğunu vurğulayıb: “Eyni zamanda biz burada idarəetmədən danışdığımız zaman onu nəzərə almalıyıq ki, tıxacların öncədən proqnozlaşdırılması, hansı saatlarda, hansı zamanda, hansı tıxacların və hansı dərəcədə yarana biləcəyinin müəyyənləşdirilməsi, tıxacın qarşısının alınması üçün əlavə tədbirlərin görülməsi vacibdir. Nəqliyyat axınının əvvəlcədən proqnozlaşdırılması və idarə edilməsi mexanizmi və forması öncədən planlı şəkildə müəyyən edilməlidir ki, konkret olaraq bu məsələyə cavabdeh olan qurumlar həmin məsələyə həssaslıqla yanaşaraq onun dərhal aradan qaldırılması və yaxud da baş verməməsi üçün öncədən planlı addımlar atsınlar. Bunlar zəruri məsələlərdir ki, nəticə etibarilə Bakı şəhərində insanları ciddi şəkildə narahat edən hər hansı tıxaclar yaranmasın”.
İqtisadçı Eyyub Kərimli Bakıda nəqliyyat sıxlığının iqtisadiyyata təsirlərinə diqqət çəkərək, əsas məqsədin avtomobillərin deyil, insanların hərəkətinin sürətləndirilməsi olmalı olduğunu bildirib:

“Əsas məqsəd Bakıda avtomobillərin hərəkətini deyil, insanların hərəkətini sürətləndirmək olmalıdır. Tıxacda itirilən vaxt iqtisadiyyat üçün itirilən əmək məhsuldarlığıdır. Buna görə ictimai nəqliyyata yatırılan vəsaitə yalnız sosial xərc kimi deyil, məhsuldarlığı artıran iqtisadi investisiya kimi baxmaq lazımdır”. Eyyub Kərimli bildirib ki, nəqliyyat sıxlığının müəyyən qədər azalması şəhərin iqtisadi səmərəliliyinə də təsir göstərə bilər: “Tıxacın hətta 10-15 faiz azaldılması belə uzunmüddətli perspektivdə biznesin logistika xərclərinə, yanacaq istehlakına, insanların vaxt itkisinə və bütövlükdə şəhərin iqtisadi səmərəliliyinə müsbət təsir göstərə bilər”.
Nigar Xəlilli
20:00 22.09.2026
Oxunuş sayı: 47