Gizli görüşlər, sui-qəsd planları və kriptovalyuta: DTX terror şəbəkəsini necə ifşa etdi?
Azərbaycanın hüquq-mühafizə və xüsusi xidmət orqanlarının həyata keçirdiyi ardıcıl və koordinasiyalı əməliyyat tədbirləri nəticəsində ölkə daxilində terrorçuluq və dini radikalizm zəminində təhlükəli planlar hazırlayan, eyni zamanda beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində iştirak edən geniş cinayətkar şəbəkə ifşa olunub.
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi antiterror və əməliyyat-axtarış tədbirləri zamanı cinayətkar qruplaşmanın fəaliyyətinin müxtəlif istiqamətləri üzə çıxarılıb. Araşdırmalar nəticəsində Azərbaycanda ictimai və dini xadimlərin həyatına sui-qəsd hazırlığı, potensial hədəflərin izlənilməsi, onların hərəkət marşrutları və mühafizə imkanları barədə məlumatların toplanması, həmçinin cinayətlər törədildikdən sonra xaricdəki münaqişə bölgələrinə qaçış planlarının hazırlandığı müəyyən edilib.
Əməliyyat tədbirlərinin digər mühüm istiqaməti isə terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olub. DTX-nın digər dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları ilə əməkdaşlığı nəticəsində beynəlxalq terrorçuluğun maliyyələşdirilməsində iştirak edən şəxslərdən ibarət geniş şəbəkə müəyyənləşdirilib. Beş ölkənin ərazisində paralel keçirilən antiterror tədbirləri zamanı qruplaşmanın ümumilikdə 10 üzvü saxlanılıb, xaricdə saxlanılan şəxslərdən biri Azərbaycana ekstradisiya edilib.
Beləliklə, əməliyyatın nəticələri təkcə ölkə daxilində hazırlanmış terror planlarının qarşısının alınması ilə məhdudlaşmayıb. İstintaq zamanı xaricdəki silahlı münaqişələrdə iştirak edən şəxslərin və beynəlxalq səviyyədə tanınmış terror təşkilatlarının kriptovalyuta sistemləri vasitəsilə maliyyələşdirilməsi mexanizmləri də üzə çıxarılıb.
Əldə olunan materiallar göstərir ki, hüquq-mühafizə və xüsusi xidmət orqanlarının operativ fəaliyyəti nəticəsində cinayətkar şəbəkənin həm Azərbaycandakı, həm də ölkə hüdudlarından kənardakı əlaqələri müəyyənləşdirilib, maliyyə kanalları və planlaşdırılan terror aktlarına hazırlıq mərhələləri sənədləşdirilib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, keçirilən əməliyyat Dövlət Təhlükəsizliyi Xidmətinin növbəti peşəkar və yüksək səviyyəli əməliyyatlarından biridir: “Bunlar qanuni qüvvəyə minmiş hökm ilə müəyyən ediləcəkdir: kimin günahı nədir, kimin cinayəti nədirsə veriləcək. Terrorçuluq və digər milli təhlükəsizliyə qarşı cinayətlərin aşkarlanması, qabaqlanması və qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən yüksək səviyyədə əməliyyatlar keçirilir. Məhz belə cəhdlərin ortaya çıxması nə ilə bağlıdır? Burada bir səbəb göstərmək düzgün olmaz. Belə hallarda adətən bir neçə risk üst-üstə düşür. Əvvəla, terror və ekstremist fəaliyyətlə əlaqəsi olan şəxslərin yenidən şəbəkə yaratmağa cəhd etməsi, radikal ideologiyanın yayılmasında bu şəxslərin rolu, xarici radikal şəbəkələrlə əlaqələr, internet və sosial şəbəkələr vasitəsilə radikal təbliğat və gizli əlaqələndirmə, terror fəaliyyətinin maliyyələşdirilməsi və pul axınlarının gizlədilməsi, ictimai və dini xadimlərin hədəfə alınması kimi məsələlər var”.
A.Nağıyev qeyd edib ki, bunlar çox ciddi məsələlərdir: “Təbii ki, Azərbaycan qanunvericiliyində dini ekstremizmin maliyyələşdirilməsi, terror fəaliyyəti, ekstremist təkrarının yaradılması və digər bu kimi fəaliyyətlərin təhlükəli fəaliyyət kimi müəyyən edilməsi əsas istiqamətlərimizdən biridir. Qanun belə fəaliyyətə, hətta müxtəlif dövlətlərin nəfinə və ya onların xeyrinə iştirak edən, müxtəlif qruplaşmalarda vuruşan şəxslərlə bağlı məsələlərə də münasibət bildirir. Bir çox suallar əmələ gəlir ki, bu qruplaşma əvvəldən var idi, ya yox? Bunu qeyd etmək düzgün olmaz. Çünki rəsmi açıqlamada bir nəfərin “Sumqayıt Camaatı” adlı terror qruplaşmasının tərkibində törədilmiş cinayətə görə məhkum olunduğu göstərilir. Daha sonra isə digər şəxslərlə cinayət əlaqəsinə girib. Bu, demək deyil ki, əvvəllər belə bir qruplaşma var idi, ya yox idi. Terror təcrübəsi olan şəxslərin yeni cinayət əlaqələri yaratması ehtimalını göstərir. Eyni zamanda bu qtuplaşmanı “tamamilə məhv etmək” məsələsi düzgün məfhum deyil. Burada məhv etməkdən daha çox şəbəkənin yalnız icraçılarını deyil, bütün strukturunu müəyyən etmək, kimin təşkil etdiyini, necə maliyyələşdiyini, kimin ideoloji təsir göstərdiyini, kimin əlaqələndirdiyini müəyyənləşdirmək əsas məsələdir. Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq strukturları əməliyyat şəraitinə çox yüksək səviyyədə nəzarət edir, əməliyyat şəraitini öyrənir və bu istiqamətdə çox ciddi addımlar atılır. Burada, təbii ki, ən mühüm məsələlərdən biri maliyyə kanallarının bağlanmasıdır. Bu istiqamətdə də düşünürəm ki, çox ciddi addımlar atılır. Azərbaycan qanunvericiliyi bu istiqaməti ayrıca tənzimləyir. Radikallaşmanın əsas istiqamətlərindən biri də bunun vaxtında qarşısının alınması və aşkarlanmasıdır.
Deputat bildirib ki, bununla yanaşı, belə tədbirlər qanunvericilik və insan hüquqları çərçivəsində həyata keçirilir: “Düşünürəm ki, birmənalı şəkildə bu istiqamətdə hüquq-mühafizə orqanları, əsasən də Dövlət Təhlükəsizliyi Xidməti çox ciddi addımlar atır. Həbsdən sonrakı mərhələni də nəzərə almaq lazımdır. Əvvəllər terror fəaliyyəti ilə əlaqədar şəxslər, yəni bu, residiv fonunda yaranıbsa, həbs cəzasını çəkib çıxan şəxslərin radikallaşmasının qarşısının alınması çox önəmli məsələdir. Profilaktika mütləq şəkildə olmalıdır. Bu, həm xüsusi xidmət orqanları tərəfindən, həm Azərbaycan polisi tərəfindən tam şəkildə həyata keçirilsə də, mütləq şəkildə vətəndaşların özü də, dini icmalar, maarifləndirmə qurumları, ailədən başlayaraq, təhsil sistemi bu prosesdə iştirak etməlidir. Vətəndaş cəmiyyəti bu işdə mütləq şəkildə kömək etməlidir. Bizim bir Vətənimiz var. Cənab Prezident İlham Əliyevin siyasətində suverenlik, ərazi bütövlüyü və hər bir Azərbaycan xalqının rifahının yüksək səviyyədə olması əsas istiqamətlərdir. Azərbaycan qanunvericiliyi də burada həm dini ekstremizmə qarşı mübarizədə hüquqi, siyasi, ideoloji, sosial, iqtisadi və təşkilati profilaktik tədbirləri kompleks şəkildə həyata keçirir. Bir daha qeyd etmək istəyirəm ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən bu əməliyyat unikal bir əməliyyatdır və ciddi bir qruplaşmanın qarşısının alınması çox mühüm bir addımdır”.
Ayhan
19:00 18.09.2026
Oxunuş sayı: 124