Bunu etsəniz 37 min manat cərimə olunacaqsız
Bakı, Sumqayıt və Abşeron ərazisində yaşıllıqların qanunsuz məhv edilməsi ilə bağlı növbəti faktlar aşkarlanıb. Son bir həftə ərzində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 min 940 manat ziyan dəydiyi müəyyən edilib. Hadisələr paytaxtın Xətai rayonunda, Sumqayıt şəhərində və Abşeronun Masazır qəsəbəsində qeydə alınıb.
Ekoloq Sadiq Həsənov Crossmedia.az-a açıqlamasında bildirib ki, ağacların qanunsuz kəsilməsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Onun sözlərinə görə, bir çox hallarda insanlar mövcud qaydalar barədə kifayət qədər məlumatlı olmurlar:
“Xətai rayonunda, Masazırda, Sumqayıtda bəzi yerlərdə, Bakı şəhərinin bəzi yerlərində ağacların kəsilməsi prosesi baş verib. Bu da Azərbaycan qanunvericiliyi ilə tənzimlənir. Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 253-cü maddəsi ilə tənzimlənir. Burada fiziki şəxslər 100 manatdan 300 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 1500 manatadək cərimə oluna bilirlər. Cərimələr yüksəkdir. Baxmayaraq ki, insanların çoxu bu qaydaları bilmirlər.
Düşünürəm ki, burada ağac kəsmək bilərək olmayıb. Ola bilər ki, maneə olub, heç kimlə danışmadan, fikirləşmədən, qanunvericiliyi bilmədən götürüb kəsiblər. Tikinti və təmir işləri aparılan ərazilərdə isə cərimələr daha yüksəkdir. Fiziki şəxslər üçün 2000 manatdan 3000 manatadək, hüquqi şəxslər üçün isə 35 min manatdan 37 min manatadək müəyyən olunur. Yəni, çox yüksək bir rəqəmdir. Həm kollara, həm də bir ağaca aiddir. Yəni, bir ağacın qiymətindən söhbət gedir. Böyük cərimələrdir”.

Ekoloq qeyd edib ki, yaşıllıqların əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri də gücləndirilməlidir:
“Görünür ki, bu istiqamətdə maarifləndirmə aşağıdır: “İnsanlar ağacın əhəmiyyətini dərk etmir. Bir çox insan başa düşmür və yaxud bilmir ki, ağaclar dünyada, Yer kürəsində insanları oksigenlə təmin edir, fotosintez prosesində iştirak edir. Yəni, çox əhəmiyyətli yeri var. Ağaclar olmasa, insanların yaşaması mümkün deyil. Bu, həm yay istisində sərinlik gətirir, avtomobil nəqliyyatından və digər tozlardan, küləklə gələn tozların qarşısını alır. Kifayət qədər əhəmiyyətlidir. Məsələn, bir böyük ağac təxminən 100 kiloqrama qədər oksigen verə bilir və 60-65 kiloqrama qədər də karbon qazını udur. Yəni, bunlar əhəmiyyətli dərəcədə ətraf mühitə təsir edir. Bir insan da ildə 600-700 kiloqrama qədər oksigen uda bilir. Yəni, bu, əhəmiyyətli bir hissədir. Eyni zamanda, torpağın münbitləşməsi üçün əhəmiyyətli rola malikdir. Sürüşmə zonalarında, yamaclarda ağacların əkilməsi onların sürüşməsinin qarşısını alır. Yəni, ağacların kəsilməsi kifayət qədər ciddi bir hadisədir. Təəssüf ki, bizim insanlar o qədər də çox bilmirlər. Qanunvericiliyi də bilmirlər, ağacların əhəmiyyətini də başa düşmürlər. Ona görə kəsirlər. Burada cərimənin artırılmasının bir əhəmiyyəti olmayacaqdır. Düşünürəm ki, burada maarifləndirməni genişləndirmək lazımdır, qanunvericiliyi izah etmək lazımdır. Tez-tez televiziyadan, mətbuatdan, müxtəlif vasitələrlə məlumatlandırma aparılmalıdır. Qeyri-hökumət təşkilatlarını bu prosesə cəlb etmək lazımdır ki, insanlar ağacın əhəmiyyətini başa düşsünlər, onun kəsilməsində hər hansı bir rol almasınlar və yaxud kəsən adamlara bunu izah edə bilsinlər”.
Zərnigar Hüseynli
15:30 15.08.2026
Oxunuş sayı: 51