Rusiya ilə qarşıdurma Ermənistanı hara aparır?
Cənubi Qafqazda geosiyasi balans yenidən formalaşdığı bir vaxtda Ermənistanın xarici siyasət kursu diqqət mərkəzinə çevrilib. Bölgədə təsir uğrunda mübarizənin güclənməsi fonunda İrəvanın hansı istiqaməti seçəcəyi sual doğurur. Xüsusilə böyük güclər arasında artan rəqabət Ermənistan üçün həm yeni imkanlar, həm də ciddi risklər yaradır. Mövcud vəziyyət ölkənin təhlükəsizlik və iqtisadi dayanıqlığı baxımından mühüm müzakirələrə səbəb olur. Ən böyük müzakirələrdəm biri də odur ki, Ermənistan-Rusiya münasibətlərinin Azərbaycana təsiridir. Qeyd edək ki, bu mərhələdə atılacaq addımlar Ermənistanın gələcək mövqeyini müəyyən edə bilər.

Rusiyalı politoloq Boqdan Bezpalko hazırkı vəziyyəti Crossmedia.az-a şərh edib.
O bildirib ki, hazırda Ermənistanın Moskvanın təsir dairəsindən çıxarılması istiqamətində intensiv cəhdlər müşahidə olunur:
"Ermənistan üçün problem ondadır ki, Rusiya təsirindən uzaqlaşmaqla yanaşı, iqtisadi sahədə kifayət qədər çox itki ilə üzləşə bilər. Ermənistan Rusiyadakı bazarların itirilməsi, oraya məhsul ixrac imkanlarının itməsi, əmək bazarına çıxışın zəifləməsi, əməkdaşlıq müqavilələrinin pozulması və digər amillər səbəbilə risk altına düşə bilər. Bu, Ermənistan rəhbərliyinin bu addımı atmayacağı demək deyil. Digər dövlətlər, məsələn Ukrayna, Avropa İttifaqı və Rusiya ilə münasibətləri paralel şəkildə inkişaf etdirmək əvəzinə, tədricən hərbi münaqişə vəziyyətinə sürüklənib və bu proses kifayət qədər uzun sürüb.
Əgər belə bir vəziyyət baş verərsə, bu, artıq Ermənistan rəhbərliyinin qarşısına qoyduğu məqsədlərdən də asılı olacaq. Əgər məqsəd, Ermənistanın dövlət kimi “udulması”dırsa, bu ehtimal daha da arta bilər. Çünki Ermənistan ərazisindən Rusiya hərbi bazalarının, sərhədçilərinin və digər xidmət əməkdaşlarının çıxarılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində hərbi əməkdaşlığın dayandırılması və digər amillər ölkəni daha müdafiəsiz vəziyyətə sala bilər".
B.Bezpalkonun sözlərinə görə, bu vəziyyətdə Ermənistanın Azərbaycan və ya Azərbaycan-Türkiyə qarşısında hər hansı qarşıdurmaya girməsi onu daha zəif və hərbi təzyiqlərə daha açıq edə bilər: "Bununla yanaşı, Moskva və Bakının mövqelərinin həmişə dost olduğunu demək olmaz. Onlar uzun müddət açıq şəkildə düşmən də olmayıb. Yalnız son dövrlərdə AZAL şirkətinə məxsus təyyarə ilə bağlı hadisə səbəbindən münasibətlərdə soyuqluq müşahidə olunub. Buna baxmayaraq, Moskva və Bakı arasında müəyyən yaxınlaşma ehtimalı da mövcuddur, lakin bunun ciddi səviyyəyə çatacağını düşünmürəm".
Fatimə Məmmədova
18:39 06.05.2026
Oxunuş sayı: 56