Ermənistanda kilsə Paşinyana qarşı açıq savaşa başlayıb: Kim udub, kim uduzacaq?
Tarix boyu mənəviyyat ocağı deyil, daha çox siyasi intriqaların və ideoloji təxribatların mərkəzi kimi çıxış edən Eçmiədzin kilsəsi yenidən səhnədədir. Bu gün Ermənistanda kilsə artıq ibadət yeri deyil, xarici dairələrin əlində oyuncağa çevrilmiş bir siyasi təşkilat təsiri bağışlayır. Reallıq hissini itirən və "dini sıxışdırma" kartından istifadə edərək dünya ictimaiyyətini aldatmağa çalışan bu qurumun son bəyanatları, əslində, böyük bir riyakarlıq zəncirinin növbəti halqasıdır.
Məsələ ilə bağlı politoloq Samir Hümbətov Crossmedia.az-a açıqlama verib: "Ermənistandakı bu Eçmiədzin kilsəsinin belə ucuz şoulara əl atmasının və bu cür dezinformasiya xarakterli bəyanatlar səsləndirməsinin arxasında bir neçə səbəb dayanır. Kilsə həm də xaricdən idarə olunan bir obyektdir. Təbii ki, kilsə yalnızca erməni cəmiyyətinin maraqlarını güdmür; həm də kənardan, yəni xaricdən idarə olunan bir topluma çevrilib və artıq bir ictimai təşkilat forması alıb. Yəni burada sırf dini motivlər axtarmağı doğru hesab etmirəm. İkinci məsələyə gələndə, həm dünyada, həm də Bakıda erməni kilsəsinin qorunub saxlanılması, məncə, həm dünya, həm də erməni cəmiyyəti üçün kifayət qədər açıq bir sübutdur. Bundan başqa, Xankəndidə tikilən kilsə açıq şəkildə, guya ermənilərin orada daimi olması təəssüratını yaratmaq üçün ucaldılmışdı. Amma təbii ki, bura Azərbaycanın qədim şəhəridir, əzəli-əbədi torpaqlarıdır və bu, belə də qalacaq. Xankəndidə yaşayan sakinlər orada daha çox müsəlman əhali olduğu üçün kilsədən daha çox məscidin olmasını istəyərlər. İnsanlar bunu istəyirsə və ortada qanunsuz bir tikili varsa, niyə Ermənistanda bu cür yanlış fikirlər formalaşdırılır? Bu, o deməkdir ki, onlar açıq təxribat törətməklə dünyaya öz aləmlərində bir mesaj verməyə çalışırlar. Biz bunu bir dəfə deyil, hətta ABŞ vitse-prezidenti Cey Di Vensin səfəri zamanı da gördük: orada plakatlar qaldırıb "xristianlığı azad etməkdə kömək edin" kimi ifadələr işlədirdilər".
S.Hümbətov onu da bildirib ki, məsələnin din tərəfdən qaldırılması insanların həssas mövzularına toxunmaq üçündür və qərəzlidir: "Əslində, məsələyə dini mahiyyət verməklə insanların ən həssas damarı olan dini-mənəvi bağları silkələməyə çalışırlar. Bu, bir şoudur. Hesab edirəm ki, bu cür mahiyyətli fikirlərin səsləndirilməsi, dinin siyasətə alət edilməsi və siyasi kampaniyalarda istifadə olunması, xüsusilə Ermənistandakı seçki prosesi ilə bağlıdır. Bundan həm də Paşinyan komandasına qarşı istifadə etməyə çalışırlar. Yəni açıqca görünür ki, bu gün Ermənistandakı Eçmiədzin kilsəsi baş nazir Nikol Paşinyanla açıq savaşdadır və böyük ehtimalla bu proses getdikcə daha da dərinləşəcək".
Turqut Ansari
18:40 02.05.2026
Oxunuş sayı: 60