Bakı-İrəvan arasında biznes əlaqələri nə vaxt mümkün olacaq?
Ermənistanın Baş naziri Nikol Paşinyanın azərbaycanlı və erməni biznesmenlərin birbaşa əməkdaşlığı ilə bağlı açıqlaması regionda yeni iqtisadi imkanların yarana biləcəyindən xəbər verir. Uzunmüddətli qarşıdurmadan sonra bu cür addımlar həm bazarların genişlənməsi, həm də qarşılıqlı etimadın formalaşması baxımından əhəmiyyətlidir.
Logistika, kənd təsərrüfatı, tikinti və turizm kimi sahələrdə mümkün əməkdaşlıq isə iqtisadi əlaqələrin bərpasına real zəmin yarada bilər.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlama verib:

“Ermənistan və Azərbaycan arasında normallaşma prosesi çərçivəsində, yəni sülh müqaviləsi bağlandıqdan sonra bir çox sahədə biznes əməkdaşlığı mümkündür.
Nəqliyyat və logistika çox böyük potensial daşıyır. Regionda tranzit marşrutların açılması hər iki ölkənin Orta Asiya, İran, Türkiyə və Avropa arasında körpü rolunu oynamasına imkan verə bilər. Zəngəzur dəhlizi kimi layihələr həyata keçsə, nəqliyyat infrastrukturu üzrə ortaq investisiyalar gündəmə gələ bilər.
Kənd təsərrüfatı və ərzaq sənayesi də perspektivli sahədir. Hər iki ölkənin güclü aqrar potensialı var - şərab, meyvə, süd məhsulları, zeytun yağı kimi məhsullar üzrə istehsal və ixrac əməkdaşlığı qurula bilər.
Turizm sahəsində birgə regional paketlər hazırlanması mümkündür. Qafqazı bütövlükdə gəzmək istəyən turistlər üçün hər iki ölkəni əhatə edən marşrutlar cəlbedici ola bilər.
Tikinti və infrastruktur sahəsində postmünaqişə ərazilərin bərpası böyük investisiya imkanları yaradır. Material təchizatı, mühəndislik xidmətləri, texnika icarəsi kimi sahələrdə birgə layihələr mümkündür.
Texnologiya və startap ekosistemi baxımından Ermənistanın güclü İT sektoru ilə Azərbaycanın enerji kapitalını birləşdirən birgə texnologiya fondları və startap akseleratorları yaradıla bilər.
Enerji sahəsində Ermənistan yenilənən enerji potensialını Azərbaycanın mövcud enerji infrastrukturu ilə inteqrasiya edə bilər; birgə elektrik enerji ixracı layihələri regional miqyasda əhəmiyyətli ola bilər”.
Ekspert əlavə edib ki, maliyyə sektoru baxımından isə hər iki ölkə arasında birbaşa bank əlaqələri, ortaq investisiya fondları və sığorta məhsullarının inkişafı mühüm rol oynaya bilər:
“Ən böyük çətinlik hər iki cəmiyyətdəki etimadsızlığın dəf edilməsidir, lakin biznes əlaqələri məhz bu etimadın qurulmasında katalizator rolu oynaya bilər”.
Ayhan
13:40 01.05.2026
Oxunuş sayı: 82