Qars-Gümri dəmir yolu- Sərhədlərin açılması Cənubi Qafqaza nə vəd edir?
Bu gün regionda əməkdaşlıq və sülh prosesləri baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu barədə ABŞ-nın Türkiyədəki səfiri Tom Barrak Ermənistan və Türkiyə arasında atılan son addımların regional sabitliyə və iqtisadi inteqrasiyaya töhfə verəcəyini vurğulayıb.
Onun sözlərinə görə, Qarsda keçirilən görüşdə tərəflərin Qars-Gümri dəmir yolunun bərpası üçün birgə işçi qrpunun yaradılması barədə razılığa gəlməsi bölgədə yeni əməkdaşlıq mərhələsinin başlanğıcını göstərir.
Bu təşəbbüs həm tarixi nəqliyyat əlaqələrinin bərpası, həm də Cənubi Qafqazda daha geniş iqtisadi və siyasi yaxınlaşma baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycan ilə Ermənistan arasında faktiki olaraq sülh mühiti formalaşıb və tərəflər arasında sənəd paraflanıb. Paralel olaraq, Türkiyə ilə Ermənistan münasibətlərinin normallaşması istiqamətində də mühüm addımlar atılır.
Gözləntilərə görə, Ermənistanda keçiriləcək növbəti seçkilərdən sonra sülh müqaviləsinin imzalanması prosesi tamamlanacaq və bunun ardınca Türkiyə ilə sərhədlərin açılması reallaşa bilər. Bu isə regionda uzun müddət davam edən qarşıdurma mərhələsinin başa çatması və əvvəlki geosiyasi reallıqların arxada qalması demək olacaq.
Müharibədən əvvəlki dövr regionda daha çox destruktiv proseslərlə xarakterizə olunurdu. Lakin sülh müqaviləsi və normallaşma proseslərinin tamamlanması ilə Cənubi Qafqazda yeni bir mərhələnin — sabitlik, təhlükəsizlik və iqtisadi inteqrasiya modelinin formalaşacağı gözlənilir.
Bununla belə, Qərb dairələrinin regiona yanaşmasında fərqli geosiyasi prizmanın mövcud olduğu müşahidə edilir.
Xüsusilə, ABŞ və bəzi Qərb ölkələrinin Baltikyanı region modeli əsasında təsir mexanizmləri formalaşdırmağa çalışdığı ehtimalı diqqət çəkir və bu, onların uzunmüddətli strateji planlarının tərkib hissəsi kimi qiymətləndirilə bilər".
Elmir Heydərli
10:00 30.04.2026
Oxunuş sayı: 57