Gürcüstanda sirli qəza - Türkiyə hərbi təyyarəsinə nə oldu?
Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsi rəsmi məlumata görə, kənar müdaxilə olmadan qəzaya uğrayıb. Amma bu, suallar doğurur: necə oldu ki, 20 nəfərin olduğu hərbi yük təyyarəsi bir anda itdi və qalıqları dağ yamaclarında tapıldı?
Təyyarənin texniki vəziyyəti, hava şəraiti və uçuş planı müzakirə mövzusudur. Bütün bunlar qəzanın əsl səbəbinin aydın olmamasına dair şübhələri artırır. Cəmiyyət isə hələ də “nə baş verdi?” sualına cavab axtarır.
Mövcud vəziyyətlə bağlı Crossmedia.az-a danışan hərbi ekspert İbrahim Rüstəmli istər mülki aviasiyada, istərsə də hərbi hava qüvvələrində uçan texnikaların, yəni hava texnikalarının qəzasının həmişə müşahidə olunduğunu vurğulayıb:
"Biz tez-tez bu qəzalarla rastlaşırıq. Özü də bu qəzalar yalnız inkişaf etməmiş, hərbi hava qüvvələrində tam ixtisaslaşmamış, yaxud mükəmməl hərbi hava qüvvələrinə sahib olmayan ölkələrdə deyil, həm də inkişaf etmiş ölkələrin ordularında da rast gəlinən hadisədir.

Məsələn, ABŞ-də, Almaniyada və digər ölkələrdə rast gəlinir. Bütün dünya ordularında, eyni zamanda mülki aviasiyada qəzaların baş vermə ehtimalı mümkündür və baş verir.
Ancaq heç bir qəza səbəbsiz baş vermir. Ona görə də səbəb axtarılarkən ilk növbədə qara qutular dinlənilir. Eyni zamanda, qəzanın baş vermə səbəbləri araşdırılır və ilk növbədə nədən şübhələnilir?
İndi qaynar bir dünyada yaşayırıq və şübhə doğuran terror aktıdır. Terror aktı bu gün ən çox ehtimal olunan faktorlardan biridir. Çünki dünyanı artıq müharibə odu bürüyüb, xüsusilə, pilotsuz uçuş aparatlarının və digər ixtisaslaşmış texnikaların inkişafı, hava məkanına məxsus texnikaların qəzası ilə bağlı ciddi təhlükələr və ehtimallar yaradır".
Ekspertin sözlərinə görə, Türkiyəyə məxsus helikopterin də qəzaya uğraması səbəbləri araşdırılıb. Qeyd edək ki, ilk növbədə terror faktoru araşdırılıb, lakin təyyarəyə heç bir kənar müdaxilə olunmayıb:
"Kənar müdaxilə yoxdursa, deməli, təyyarənin özündə nasazlıq baş verib. Ola bilsin normadan artıq yüklənmə olsun, ola bilsin pilotun qeyri-peşəkarlığı önə çıxsın və böyük bir faciəyə səbəb olsun.
Həmçinin texnikanın istismar müddətini başa vurmuş hər hansı bir hissəsi sıradan çıxa və bu səbəbdən qəza baş verə bilər. Bütün hallarda heç bir qəza səbəbsiz baş vermir.
Ona görə də burada ehtimallar çoxdur, müxtəlif variantlar üzərində dayanmaq olar. İlkin variant araşdırma nəticəsində özünü doğrultmayıb, yəni təyyarəyə, helikopterə kənar müdaxilə yoxdur.
Burada ikinci və üçüncü səbəblər kimi göstərilə bilər ki, helikopter həddindən artıq yüklənib, yəni normadan artıq sərnişin götürüb və ya ona əlavə yük vurulub. Üçüncü versiya isə helikopterin istismar müddətinin başa çatması ilə bağlı ola bilər.
Məsələn, tankla bağlı – mən tank komandiriyəm – demək istəyirəm ki, tank 24 saat döyüş şəraitində olarsa, o mütləq əsaslı təmirə göndərilməlidir. O, ciddi müayinə olunmalı və əsaslı təmirdən keçməlidir. Bu, bir tank komandiri olaraq mənim fikrimdir.
Eyni zamanda, digər hərbi texnikalarda da hər bir texnikanın istismar müddəti var, ehtiyat hissələrinin istifadə müddəti var, onların yük götürmə qabiliyyəti və döyüş şəraitində fəaliyyəti üçün konkret vaxt məhdudiyyəti qoyulub.
Bu səbəbdən Türkiyəyə məxsus helikopterin qəzaya uğraması ehtimalı qaçılmaz deyil. Yəni, burada qeyri-adi bir hal yoxdur. Amma ehtimal olunur ki, ya helikopteri idarə edən komandirin qüsuru olub, idarəetmə prosesi düzgün qurulmayıb, ya da idarəetmədə ciddi nöqsanlara yol verilib.
Digər ehtimal isə yüklənmə ilə bağlıdır: helikopterə normadan artıq sərnişin və ya yük götürülüb. Bu ehtimallardan başqa variant yoxdur, çünki aparılan araşdırmalar nəticəsində hava gəmisinə kənar müdaxilə olmadığı müəyyən edilib və terror ehtimalı istisna olunur".
İ.Rüstəmli əlavə edib:
"Bu mənada iki əsas səbəb qalır: ya komandirin qeyri-peşəkarlığı, ya da artıq yüklənmə. Üçüncü variant isə ehtiyat hissələrinin və ya ümumilikdə texnikanın istismar müddətinin başa çatması ilə bağlıdır. Burada başqa variant yoxdur".
Fatimə Məmmədova
12:25 08.04.2026
Oxunuş sayı: 494