Dünya alternativ tranzit yollar axtarır - Azərbaycan önə çıxa bilər
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi üzrə tikinti işlərinin böyük hissəsinin tamamlandığını elan etməsi, Azərbaycanın beynəlxalq tranzit xəritəsindəki mövqeyini kökündən dəyişməyə hazırlaşdığını göstərir.
Hörmüz boğazı və Süveyş kanalında yaşanan qlobal gərginliklər dəniz daşımalarına alternativ olaraq quru yollarının aktuallığını artırıb.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında iqtisadçı, REAL partiyasının sədri Natiq Cəfərli bildirib ki, dəhlizin açılması Azərbaycanın regional iqtisadi mövqeyini köklü şəkildə gücləndirəcək:
"Zəngəzur yolunun açılması təbii ki, Azərbaycanı yeni logistik mərkəzə çevirəcək və bu birmənalıdır. Qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər bu layihənin əhəmiyyətini daha da artırır. Dünyada quru yolla daşımaların rolu artır. Çünki Hörmüz boğazı, Qırmızı dəniz və Süveyş kanalı kimi əsas marşrutlarda yaranan problemlər alternativ yolların aktuallığını yüksəldir".

N.Cəfərlinin fikrincə, dəhlizin istifadəyə verilməsi xüsusilə işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyi artıracaq:
"Bu, logistik mərkəzlərin, sənaye zonalarının qurulması üçün ciddi imkanlar yaradacaq və regionda iqtisadi canlanmaya səbəb olacaq. Yaranacaq imkanlardan maksimum faydalanmaq üçün düzgün iqtisadi siyasət vacibdir. Azərbaycan daha çevik tarif siyasəti yürütməlidir. Yüklərin ölkə üzərindən keçməsi üçün həm qiymət, həm də logistika baxımından rəqabət qabiliyyəti artırılmalıdır".
Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanı etibarlı tranzit ölkəyə çevirməkdir:
"Biznes və daşıyıcılar Azərbaycanı təhlükəsiz və sürətli marşrut kimi qəbul etməlidir. Bu halda ölkə beynəlxalq logistik şəbəkədə əsas oyunçulardan birinə çevrilə bilər".
Nigar Yahyazadə
15:08 04.04.2026
Oxunuş sayı: 1877