Paşinyanla Putinin görüşü: İkitərəfli münasibətlərdə nələr dəyişəcək?
Ermənistanın Baş naziri Nikol Paşinyanın Moskvaya son səfərini və Vladimir Putinlə danışıqlarını "uğurlu" adlandırması, İrəvanın qarşıdakı parlament seçkiləri ərəfəsində daxili siyasi riskləri minimallaşdırmaq cəhdi kimi qiymətləndirilir. Xüsusilə 2026-cı ildə keçiriləcək seçkilər öncəsi Rusiyanın Ermənistanın daxili işlərinə mümkün müdaxiləsini neytrallaşdırmaq məqsədi bu görüşün görünməyən əsas gündəmini təşkil edir.
Görüşlə bağlı Crossmedia.az-a açıqlamasında AMEA-nın elmi işçisi Vüsalə Gülmalıyeva bildirib ki, bu hadisəni yalnız seçki konteksti ilə izah etmək kifayət etmir:

"Nikol Paşinyan ilə Vladimir Putin arasında keçirilən görüş təkcə daxili siyasi motivlərlə məhdudlaşmır. Bu münasibətlər təhlükəsizlik, enerji, iqtisadi əməkdaşlıq və regional balans kimi çoxşaxəli amillərlə müəyyən olunur. Ermənistanın regional reallıqlar fonunda Rusiya ilə münasibətləri tam gərginləşdirməsi strateji risklər yarada bilər. Cənubi Qafqazda formalaşan yeni geosiyasi vəziyyət Ermənistanı Rusiya ilə münasibətlərdə daha ehtiyatlı davranmağa məcbur edir. Tam qarşıdurma İrəvan üçün ciddi nəticələr doğura bilər".
Onun sözlərinə görə, seçki amilinin tamamilə kənarda qaldığını demək də mümkün deyil: "Nikol Paşinyan üçün Moskva ilə açıq kanalın qorunması daxili siyasi sabitlik baxımından əhəmiyyətlidir. Ermənistan daxilində Rusiyaya yaxın qüvvələrin mövcudluğu və Moskvanın təsir imkanları nəzərə alındıqda hakimiyyət üçün Kremlin neytral mövqedə qalması vacibdir. Bu görüş həm də daxili auditoriyaya sabitlik mesajı kimi çıxış edir".
Onun fikrincə, Paşinyanın xarici siyasət kursu son illərdə "balans strategiyası" — Qərblə əlaqələrin genişləndirilməsi ilə yanaşı, Vladimir Putin rəhbərliyindəki Rusiya ilə münasibətlərin kəskinləşdirilməməsi kimi xarakterizə olunur və Moskvaya səfər də məhz bu xəttin davamıdır. "Bu, həm xarici siyasətdə balansı qorumaq, həm də daxili siyasi riskləri minimuma endirmək məqsədi daşıyan kompleks yanaşmadır".
Nigar Yahyazadə
11:00 04.04.2026
Oxunuş sayı: 90