Ermənistanda kilsə "beşinci kolon"a çevrilir- Şərh
Ermənistanda yaxınlaşan parlament seçkiləri fonunda rəsmi İrəvan və Eçmiədzin arasındakı qarşıdurma artıq teoloji müstəvidən çıxaraq, açıq hərbi-siyasi mübarizə fazasına daxil olub. Baş nazir Nikol Paşinyanın kilsə iyerarxiyasına qarşı sərt repressiv addımları və kilsə xadimlərinin "çevrilişə çağırış" ittihamı ilə həbsi, Ermənistanın daxili siyasətində Rusiyanın "beşinci kolonu"na qarşı aparılan təmizləmə əməliyyatı kimi qiymətləndirilir. Rostov-na-Donu şəhərində II Qareginin iştirakı ilə keçirilən toplantı isə Moskvanın Ermənistanın daxili işlərinə "ruhani müdaxilə" rıçaqlarını hələ də əlində saxladığını nümayiş etdirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq, diplomat Fikrət Sadıqov bildirib ki, Ermənistanda parlament seçkiləri ərəfəsində olduqca gərgin və kəskin siyasi mübarizə gedir. Onun sözlərinə görə, Paşinyan hakimiyyəti daxili və xarici təzyiqlərin artdığını görərək daha sərt addımlar atmağa məcbur qalır:

"Paşinyan başa düşür ki, müəyyən radikal qüvvələr, həmçinin xaricdən dəstəklənən bəzi ünsürlər onu hakimiyyətdən uzaqlaşdırmağa çalışır. Buna görə də o, müxtəlif üsullardan istifadə edərək həmin qüvvələrə qarşı tədbirlər görür, o cümlədən bəzi kilsə nümayəndələrinin həbsi ilə bağlı addımlar atılır. Çünki onlar açıq şəkildə hakimiyyətə qarşı çağırışlarla çıxış edirdilər".
Mövcud vəziyyətdə kilsənin sadəcə dini institut kimi deyil, siyasi faktor kimi də çıxış etdiyini vurğulayan politoloq bildirib ki, artıq kilsə müəyyən mənada siyasi "beşinci kolon"a çevrilib.
"Ermənistanda Rusiyanın təsiri həm daxildən, həm də xaricdən hiss olunur və bu təsir mexanizmlərindən biri kimi kilsə faktorundan istifadə edildiyi iddia olunur. Rostov-na-Donuda keçirilən tədbir də bu kontekstdə qiymətləndirilməlidir. Həmin toplantı təsadüfi deyil. Bu cür tədbirlər müəyyən siyasi dairələrin təşəbbüsü ilə təşkil olunur və məqsəd Paşinyan hakimiyyətinə təzyiq göstərməkdir",- deyə o bildirib.
Onun sözlərinə görə, ölkədəki vəziyyət getdikcə daha gərgin xarakter alır və seçkilər yaxınlaşdıqca qarşıdurmanın daha da kəskinləşəcəyi gözlənilir:
"Hazırda Ermənistanda vəziyyət kifayət qədər gərgindir və bu gərginliyin seçkilər ərəfəsində daha mürəkkəb fazaya keçəcəyi istisna edilmir. Ermənistan cəmiyyətində də müəyyən dəyişikliklər müşahidə olunur. Bir çox vətəndaş artıq anlayır ki, Qarabağ məsələsi ətrafında yeni qarşıdurma onların maraqlarına uyğun deyil. Çünki beynəlxalq səviyyədə bu ərazilərin Azərbaycana məxsusluğu qəbul olunub. Nikol Paşinyan da məhz bu ictimai mövqeyə arxalanaraq siyasi dayaqlarını möhkəmləndirməyə çalışacaq ki, bu düşüncədə olan seçicilərin dəstəyini qazansın və onların səslərinə arxalansın".
Sonda politoloq bildirib ki, proseslərin arxasında geosiyasi faktorlar da mühüm rol oynayır:
"Kreml yaxşı anlayır ki, əgər Paşinyan və onun komandası yenidən hakimiyyətə gələrsə, bu, Ermənistanın daha çox Qərbə inteqrasiya olunması və Rusiyadan uzaqlaşması demək olacaq".
Nigar Yahyazadə
09:41 01.04.2026
Oxunuş sayı: 57