Paşinyan hakimiyyətdən getsə yeni savaş başlayacaq?
Cənubi Qafqazda onsuz da həssas olan geosiyasi vəziyyət fonunda yeni gərginlik siqnalları diqqət çəkməyə başlayıb. Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən səsləndirilən son açıqlamalar, xüsusilə də mümkün “yeni sentyabr müharibəsi” ilə bağlı xəbərdarlıqlar, Cənubi Qafqazda sülh prosesinin nə dərəcədə kövrək olduğunu bir daha ortaya qoyur. Bu bəyanatlar təkcə daxili siyasi polemika deyil, eyni zamanda regionun təhlükəsizlik arxitekturasına yönəlmiş ciddi mesaj kimi qiymətləndirilir.
Paşinyanın vurğulayıb ki, sülh razılaşmasına qarşı çıxan və onu yenidən nəzərdən keçirmək istəyən qüvvələrin mövqeyi potensial qarşıdurma risklərini artırır. Bu isə təkcə Ermənistanın daxili siyasi gündəmini deyil, bütövlükdə regionda sabitlik və əməkdaşlıq perspektivlərini sual altına qoyur. Belə bir şəraitdə səsləndirilən fikirlər və ehtimallar, qarşıdakı dövrün həm siyasi, həm də təhlükəsizlik baxımından olduqca həssas olacağını göstərir.
Məsələ ilə bağlı politoloq Zeynal Əmrəliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Paşinyanın bu çıxışı, şübhəsiz ki, ilk növbədə daxili auditoriyaya hesablanmış siyasi mesaj kimi qiymətləndirilə bilər. O, cəmiyyətə mümkün müharibə riskini xatırladaraq seçiciləri öz partiyasına dəstək verməyə təşviq etməyə çalışır. Məqsəd mövcud hakimiyyətin davamlılığını təmin etmək və danışıqlar prosesini öz nəzarəti altında saxlamaqdır. Bu baxımdan Paşinyanın mövqeyi müəyyən qədər əsaslandırılmış görünür.

Belə ki, Birinci Qarabağ müharibəsi dövründə erməni separatçı qüvvələrinə rəhbərlik etmiş və Xocalı hadisələri ilə bağlı adı hallanan Robert Köçəryan hazırda müxalifətin əsas baş nazir namizədlərindən biri kimi çıxış edir. Bu fakt Paşinyanın iddialarında müəyyən reallıq payının olduğunu göstərir. Həqiqətən də, bu kimi qüvvələrin hakimiyyətə gəlməsi halında regionda yenidən hərbi ritorikanın güclənməsi ehtimalı istisna edilmir. Lakin istənilən halda, mümkün təxribatların qarşısının alınacağı və Azərbaycanın hərbi üstünlüyünün qorunacağı ayrıca vurğulanmalıdır.
Digər tərəfdən, “Taşer” qrupunun rəhbəri kimi tanınan Samvel Karapetyanın da baş nazir postuna iddialı olması vəziyyəti daha da mürəkkəbləşdirir. Həm Karapetyan, həm də Köçəryanın Rusiyaya yaxın siyasi dairələrlə əlaqəli olması və mövcud geosiyasi reallıqları tam qəbul etməməsi diqqət çəkir. Bu qüvvələrin Azərbaycanın müharibədə əldə etdiyi nəticələri və hazırkı danışıqlar prosesini həzm etməkdə çətinlik çəkdiyi müşahidə olunur.
Eyni zamanda, Karapetyanın diaspor və kilsə ilə bağlılığı onun siyasi davranışlarında əlavə təsir faktorlarının mövcudluğunu göstərir. Bu isə potensial olaraq regionda gərginlik yarada biləcək addımların atılmasını mümkün edir.
Nəticə etibarilə, Paşinyanın əsas rəqiblərinin hər biri müəyyən risk faktorları ilə xarakterizə olunur. Bu səbəbdən Ermənistanın hazırkı baş naziri mövcud vəziyyətdən siyasi alət kimi istifadə edərək cəmiyyətə belə bir mesaj verməyə çalışır: əgər müharibə istəmirsinizsə, mövcud hakimiyyəti dəstəkləyin ki, danışıqlar prosesi yekunlaşsın və regionda sülh və sabitlik təmin olunsun. Bu çıxışın əsas vurğusu da məhz bu məntiq üzərində qurulmuşdur".
Elmir Heydərli
12:25 25.03.2026
Oxunuş sayı: 56