Ermənistandan Azərbaycan vasitəsilə üçüncü ölkələrə yük daşınması perspektivi real görünür - Politoloq
Cənubi Qafqazın nəqliyyat-logistika xəritəsi mühüm dəyişikliklər ərəfəsindədir. Azərbaycanın tranzit imkanlarının Ermənistan üçün əlçatan olması – konkret olaraq gübrə və kənd təsərrüfatı məhsullarının ölkəmiz vasitəsilə daşınması məsələsi regional iqtisadiyyatda yeni bir səhifə açır. Uzun illərdir davam edən blokadanın iqtisadi pragmatizm ilə əvəzlənməsi, təkcə iki ölkə arasında deyil, bütövlükdə regionun ticarət dövriyyəsində ciddi canlanmaya işarə edir. Bu addım gələcəkdə Ermənistanın Azərbaycan infrastrukturu vasitəsilə üçüncü ölkələrə çıxış əldə etməsi ehtimalını da gündəmə gətirir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında politoloq İlqar Vəlizadə bildirib ki, bu proses regional ticarət və iqtisadi münasibətlərə birbaşa müsbət təsir göstərəcək:
"Bu, birmənalı olaraq həm regional daxili, həm də regiondan kənar iqtisadi münasibətlərə müsbət təsir edən bir addımdır. Tranzit imkanlarının açılması təkcə Azərbaycan və Ermənistan üçün deyil, eyni zamanda üçüncü tərəflər üçün də yeni imkanlar yaradır".

Politoloqun sözlərinə görə, bu cür daşımalar region ölkələri arasında qarşılıqlı asılılığı artıraraq iqtisadi əməkdaşlığı stimullaşdırır:
"Bu proseslər Türkiyə, Rusiya və Gürcüstan kimi qonşu ölkələr üçün də əlverişli iqtisadi və ticarət mühitinin formalaşmasına töhfə verir. Yəni burada söhbət yalnız iki ölkə arasında münasibətlərdən deyil, daha geniş regional əməkdaşlıq platformasından gedir".
Politoloq hesab edir ki, Azərbaycanın tranzit potensialının istifadəsi gələcəkdə daha genişmiqyaslı logistika əməkdaşlığına yol aça bilər. Bu kontekstdə Ermənistandan da Azərbaycan vasitəsilə üçüncü ölkələrə yük daşınması perspektivi real görünür.
Nigar Yahyazadə
10:05 25.03.2026
Oxunuş sayı: 57