Ermənistan Azərbaycanı müharibəyə çağırır? – Paşinyan dərhal tədbir görməlidir
Tarix boyu ermənilərin Azərbaycan mədəniyyətinə aid bir çox nümunələri mənimsəməyə çalışması tez-tez müzakirə mövzusu olub.
Musiqidən mətbəxə qədər müxtəlif sahələrdə özününküləşdirmə iddiaları ilə çıxış edən erməni tərəfi bu dəfə də oxşar yanaşmanı tarixi və dini məkanlar üzərindən davam etdirir.
Son günlər Ermənistanda seçkilər öncəsi səsləndirilən bəyanatlar isə bu mübahisələri yenidən gündəmə gətirib.
Müxalif deputat Anna Qriqoryan çıxışında Ararat, Aragats, Xustup, İşxanasar kimi dağların, eləcə də Dadivank, Amaras, Tatev, Surb Qazançetsots və Xor Virap kimi dini-tarixi məkanların Ermənistana aid olduğunu iddia edib.
Crossmedia.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət erməni deputatın çıxışında adını çəkdiyi bütün yerlərin Azərbaycana və Türkiyəyə aid olduğunu vurğulayıb:

"Onların heç birisinin Ermənistan adlı dövlətə və erməni millətinə aidiyyatı yoxdur. Özlərindən qondarma adlar taxmaqla deyil, o yerlər tarixən bizim olub, bizim olaraq da qalacaq. Bu açıq-aşkar təcavüzkarlığa çağırışdır. Azərbaycan və Türkiyəyə müharibə elan etməkdir".
A.Həsrət hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın höküməti həmin qadının bu cür təcavüzkar və aqressiv şəkildə müharibəyə çağırışlarını diqqətə alıb, uyğun tədbir görməlidir:
"Tədbir görülməlidir. Çünki, belə adamlar seçkidə iştirak edib, əhalini yenidən "qızışdırıb" müharibə təhlükəsi yaradırsa, əlbəttə ki, onlar dayandırılmalıdır. Dayandırılmasa, bu o demək olacaq ki, Ermənistan parlamentində Azərbaycan və torpaqlarına ərazi iddiası irəli sürən və onun arxasında duran deputatlar var. O deputatların parlamentdə olması Ermənistanı müharibəyə sürükləmək cəhdi olacaq. Təbiidir ki, bizim və qardaş Türkiyənin çəkindiyimiz və qorxduğumuz bir şey yoxdur. Müharibə olacağı təqdirdə uyğun cavabı verməyə gücümüz yetəcək. Sadəcə arzu etmirik. Paşinyan bu təhlükəni beşiyində boğmalıdır. Onun başqa yolu yoxdur".
Fatimə Məmmədova
10:52 19.03.2026
Oxunuş sayı: 744