Ermənistan "işıq gələn tərəfi seçəcək", yoxsa?..
Ermənistanda Konstitusiya islahatları prosesi çərçivəsində yeni Konstitusiya layihəsinin hazırlanması mərhələsi başa çatmaq üzrədir. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən bu təşəbbüs dövlət idarəetmə sisteminin təkmilləşdirilməsi və hüquqi bazanın yenilənməsi məqsədi daşıyır.
Məlumata görə, artıq layihənin mətn variantı hazırdır və onun yaxın zamanda hakim siyasi qüvvənin strukturlarında müzakirəyə çıxarılması planlaşdırılır. Bundan sonra sənədin ictimaiyyətə təqdim olunması və rəsmi şəkildə dərc edilməsi ilə bağlı qərarın qəbul ediləcəyi gözlənilir.

Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Ümumilikdə belə demək olar ki, Azərbaycan tərəfinin əsas tələbi Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi və Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Bu istiqamətdə Ermənistan tərəfinin müəyyən fəaliyyət göstərdiyi də məlumdur. Konstitusiya dəyişikliyindən sonra sülh müqaviləsinin imzalanıb-imzalanmaması məsələsinə gəldikdə isə, hesab edirəm ki, burada həlledici amil seçki prosesi olacaq. Əgər keçiriləcək seçkilərdə Nikol Paşinyan qalib gələrsə, Ermənistan tərəfinin sülh müqaviləsinə və konstitusiya dəyişikliklərinə getməsi ehtimalı yüksəkdir. Əks halda, yəni Paşinyan seçkilərdə qalib gələ bilməzsə, nəzərə almaq lazımdır ki, Ermənistan müxalifətinin böyük hissəsi artıq keçmiş prezidenti Robert Koçaryanı dəstəkləyir. Belə bir vəziyyətdə hakimiyyətə fərqli siyasi qüvvənin, xüsusilə də “Qarabağ klanı” kimi tanınan qrupun qayıdışı prosesi daha da mürəkkəbləşdirə bilər. Bu isə nəinki sülh müqaviləsinin imzalanmasını çətinləşdirər, hətta bölgədə yenidən gərginliyin artmasına səbəb ola bilər. Bu baxımdan, mövcud mərhələdə konstitusiya dəyişikliklərindən daha əvvəl Ermənistanda keçiriləcək seçkilərin nəticələrini gözləmək daha məqsədəuyğundur. Məhz həmin nəticələrdən sonra Ermənistanın sülhə gedib-getməyəcəyi daha aydın şəkildə müəyyən olunacaq".
Elmir Heydərli
17:05 18.03.2026
Oxunuş sayı: 64