Azərbaycan, Türkiyə, Gürcüstan əməkdaşlığı inkişaf edir: Region üçün yeni imkanlar
Azərbaycanın Türkiyə və Gürcüstanla ticarət dövriyyəsini artırmaq istiqamətində atdığı addımlar regionda iqtisadi inteqrasiyanın dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırda tərəflər arasında enerji, logistika, tranzit daşımaları və qeyri-neft sektoru üzrə formalaşmış ticarət əlaqələri ümumilikdə müsbət dinamika nümayiş etdirsə də, mövcud potensialın tam reallaşdırılmadığı vurğulanır. Xüsusilə nəqliyyat dəhlizlərinin genişləndirilməsi, sənaye kooperasiyası, kənd təsərrüfatı məhsullarının qarşılıqlı ixracı və birgə investisiya layihələrinin artırılması gələcək iqtisadi əməkdaşlığın əsas istiqamətləri kimi qiymətləndirilir. Bu kontekstdə hazırkı ticarət dövriyyəsinin səviyyəsi və yeni əməkdaşlıq perspektivləri regionun iqtisadi inkişaf gündəliyində prioritet mövzulardan biri olaraq diqqət çəkir.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Crossmedia.az-a açıqlama verib:
"Hazırda Azərbaycan-Türkiyə və Azərbaycan-Gürcüstan ticarət əlaqələri stabil səviyyədədir və son illərdə artım tendensiyası müşahidə olunur. Türkiyə ilə ticarət əsasən enerji, neft-kimya məhsulları, kənd təsərrüfatı və istehsal malları üzərində qurulub, Gürcüstanla isə tranzit və logistik imkanlar, ərzaq və kənd təsərrüfatı məhsulları ön plandadır".
Ekspert əlavə edib ki, gələcəkdə iqtisadi əməkdaşlıq daha çox yüksək texnologiyalar, sənaye istehsalı, logistika və infrastruktur layihələri sahəsində genişlənə bilər: "Eyni zamanda regional enerji layihələri, turizm və investisiya sahəsində yeni imkanlar yaranması da mümkündür. Azərbaycan bu ölkələrlə əməkdaşlığı dərinləşdirərək ticarət dövriyyəsini artırmaq və regional iqtisadi inteqrasiyanı gücləndirmək məqsədini hədəfləyir".
Ayhan
14:12 27.02.2026
Oxunuş sayı: 659