İranla Ermənistan arasında hərbi əməkdaşlıq inkişaf edir - Region üçün təhlükə varmı?
İranın Ermənistandakı səfiri Xəlil Şirqulami deyib ki, iki ölkə arasında daha genişmiqyaslı birgə hərbi təlimlərin keçirilməsi istisna olunmur və bu, ötən ilin aprelində sərhəddə xüsusi təyinatlı qüvvələrin iştirakı ilə baş tutmuş manevrlərdən daha əhatəli ola bilər.
Səfir qeyd edib ki, Tehran və İrəvan müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək, yeni istiqamətləri və planları müzakirə etmək niyyətindədir. Hərbi sahədə qarşılıqlı fəaliyyətin sərhədlərin dəyişməzliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslandığı vurğulanıb. Eyni zamanda diplomat İranın İrəvandakı səfirliyi qarşısında keçirilən etiraz aksiyalarına da toxunaraq, Ermənistan hakimiyyətinin vəziyyəti nəzarətdə saxladığını bildirib.
Onun bu açıqlamaları İran–Ermənistan hərbi əməkdaşlığının yeni mərhələyə keçə biləcəyinə işarə edir. 
Diplomatın sələndirdiyi fikirlər barədə Crossmedia.az-a açıqlama verən hərbi ekspert Ramil Məmmədli bildirib ki, İran və Ermənistan arasında hərbi əməkdaşlığın mövcud olması məlumat baxımından yenilik sayılmır: "Hesab edirəm ki, qonşu ölkələr arasında bu və ya digər formada əməkdaşlığın mövcud olması normal qəbul olunur. Amma bilirik ki, Ermənistan təcavüzkar ölkədir. Baxmayaraq ki, bu gün sülh istiqamətində müəyyən addımlar atılır, bu proses Ermənistanın hazırkı rəhbərliyinin təşəbbüsü ilə baş verir. Ermənistanın İranla hərbi əməkdaşlığı regionda hansısa prosesi dəyişmək gücündə deyil. Çünki İranın hazırda kifayət qədər problemləri var və bunlar əsasən hərbi kontekstdədir. Onun qarşısında Amerika ilə birbaşa ciddi qarşıdurma mövcuddur. ABŞ və Qərblə problemlər dayandığı bir vaxtda, İran–Ermənistan əməkdaşlığı regiona təsir göstərə biləcək səviyyədə deyil. Həmçinin bu əməkdaşlıq İran üçün də əhəmiyyətli üstünlük yaratmır".
R. Məmmədli vurğulayıb ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür və hərbi baxımdan Rusiya ilə müttəfiqdir: "Digər tərəfdən isə ABŞ ilə hərbi və hərbi-texniki əməkdaşlıq mövcuddur. Bütün bunları nəzərə alsaq görürük ki, İran–Ermənistan əməkdaşlığı, ümumilikdə hər sahədə əməkdaşlıq daha çox simvolik xarakter daşıyır. Nə Ermənistan, nə də İran burada ciddi fayda əldə edə bilər. Sadəcə İran üçün Ermənistanın əhəmiyyəti Hindistanla hərbi-texniki sahədə əməkdaşlığın reallaşdırılmasında tranzit missiyasını yerinə yetirməsidir. Hazırkı mərhələdə İran–Ermənistan əməkdaşlığı regionda üstünlük yarada və Azərbaycana qarşı hər hansı təhdid formasına çevrilə bilməz".
Mehriban Yariyeva
13:07 27.02.2026
Oxunuş sayı: 596