İş adamları üçün əlavə qazanc - Mühüm Ermənistan faktoru
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması fonunda iqtisadi əməkdaşlıq məsələsi yenidən gündəmə gəlib. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, Azərbaycan tərəfi Ermənistana ixrac edə biləcəyi çoxsaylı məhsulların siyahısını təqdim edib. Ermənistan da öz növbəsində qarşı tərəfə ixrac imkanlarını əks etdirən siyahını göndərib.
Beləliklə, tərəflər arasında ticarət əlaqələrinin qurulması real görünür və bu istiqamətdə ciddi potensial mövcuddur. Həmçinin, gələcəkdə iki ölkə arasında yüz milyonlarla dollar həcmində ikitərəfli ticarət dövriyyəsi formalaşa bilər.

Bu barədə iqtisadçı- ekspert, REAL partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib: "Azərbaycanla Ermənistan arasındakı iqtisasi münasibətlər yeni-yeni başlayır. Ermənistanın ərazi və əhalisini nəzərə alsaq ticarət dövriyyəsinin çox da böyük olacağını indidən söyləmək çətindir. Amma bu yolda addım-addım irəliləmək lazımdır. Bu həm quruculuğa müsbət təsir göstərir, həm də iş adamları üçün əlavə qazanc mənbəyi yaradır. Lakin bunun üçün hələ gediləsi yol uzundur. İnfrastruktur qurulmalı, bank köçürmələri, sığorta xidmətləri göstərilməlidir ki iş adamları daha geniş şəkildə bu sahəyə qoşulsunlar. Gedişatla istiqamət isə doğru və pozitivdir".
N.Cəfərli qeyd edib ki, Azərbaycan-Ermənistan arasında münasibətlərin yaxşılaşdırılması hər iki ölkənin iqtisadiyyatına xeyir verəcək.
Fatimə Məmmədova
13:30 26.02.2026
Oxunuş sayı: 547