Rusiya XİN açıqlama yaydı: Cənubi Qafqaz mübarizə meydanına çevrilir?
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib ki, Qərb Rusiya ilə keçmiş Sovet İttifaqı arasında nifaq salmaq cəhdlərini gizlətmir.
"Qərbin bu gün Ukrayna vasitəsilə, Kiyev rejimi vasitəsilə nə etdiyi və Cənubi Qafqazda və hətta Orta Asiyada təhlükəsizliyimizə necə təhlükə yaratmağa çalışdığı - bütün bunlar göstərir ki, bu ölkələrlə münasibətlər, xüsusən də inteqrasiya birlikləri çərçivəsində - əlbəttə ki, bizim üçün çox vacibdir", - o bildirib.
Artıq çoxlarına məlumdur ki, Cənubi Qafqazda Rusiya ilə Qərb arasında mübarizə gedir. ABŞ və Avropa regionda möhlənməyə, Rusiyanı buradan çıxarmağa çalışır.

Bu mübarizə barədə Crossmedia.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, son dövrlərdə Cənubi Qafqazda və postsovet məkanında, xüsusilə Orta Asiyada baş verən proseslər Rusiyanı ciddi şəkildə narahat edir: "Rusiya postsovet ölkələrini uzun illər ərzində faktiki olaraq özünün təhlükəsizlik bufer zonası kimi qəbul edib. Bu ölkələr Moskva üçün Qərblə münasibətlərdə, eləcə də müəyyən mənada Çin və İran istiqamətində strateji tampon rolunu oynayıb. Hazırda həm Cənubi Qafqaz, həm də Orta Asiya ölkələri müxtəlif güc mərkəzləri ilə, xüsusilə Qərb institutları ilə əməkdaşlığı genişləndirir. ABŞ ilə Azərbaycan və Ermənistan arasında münasibətlərin inkişafı müşahidə olunur. Eyni zamanda Orta Asiyada Çin faktorunun güclənməsi, Avropa İttifaqının regiona investisiya və layihələr yönəltməsi, ABŞ-nin isə daha fəal siyasət yürütməsi Moskvanın geosiyasi baxışında əlavə risklər yaradır".
Bu prosesləri ciddi təhlükəsizlik çağırışları kimi qiymətləndirən ekspert bildirib ki, Moskva həmin təhdidləri neytrallaşdırmaq və ya onlara adekvat cavab vermək üçün müxtəlif rəsmi və qeyri-rəsmi mesajlar ötürür: "Vaxtaşırı Orta Asiyaya və Cənubi Qafqaza mümkün müdaxilə ehtimalları ilə bağlı siqnalların verilməsi də bu kontekstdə dəyərləndirilə bilər. Xüsusilə Cənubi Qafqaz üçün ən optimal və rasional variant Rusiya, ABŞ və müəyyən mənada İran arasında balansın qorunmasıdır. Bu balans pozularsa, Rusiyanın hansı addımları ata biləcəyini proqnozlaşdırmaq çətindir. Ukrayna müharibəsindən əvvəl də bir çox ekspertlər Rusiyanın hərbi müdaxilə ehtimalını aşağı qiymətləndirirdi, lakin reallıq fərqli oldu. İndiki mərhələdə əgər regionda, xüsusilə Cənubi Qafqazda ABŞ ilə Rusiya arasında uzlaşma pozularsa, müəyyən problemlərin və hətta konfliktlərin yaranma ehtimalı istisna edilə bilməz. Bu baxımdan, region ölkələri maksimum dərəcədə belə qarşıdurmalardan uzaq qalmağa çalışacaqlar".
O həmçinin əlavə edib ki, Cənubi Qafqazın özünəməxsus geosiyasi və coğrafi xüsusiyyətləri də nəzərə alınmalıdır: "Ukraynadan fərqli olaraq, region ölkələrinin okeana çıxışı yoxdur və kənardan birbaşa hərbi güc və ya genişmiqyaslı resurs transferi imkanları məhduddur. Hətta fiziki-logistik baxımdan silah tədarükü və digər strateji təminat məsələləri də mürəkkəbdir. Mövcud şəraitdə Cənubi Qafqaz üçün ən uğurlu və təhlükəsiz model balans siyasətinin qorunub saxlanılmasıdır".
Nigar Yahyazadə
16:29 20.02.2026
Oxunuş sayı: 670