Azərbaycanın bu istiqamətdə quru sərhədi açıldı: gediş-gəliş başladı
Azərbaycanla Ermənistan arasında əldə olunan sülh sazişi paraflanandan sonra dövlətlərarası münasibətlər yeni mərhələyə keçib. Belə ki, tərəflər arasında intensiv danışıqlar aparılır. Artıq Ermənistan nümayəndələri Azərbaycanda, Azərbaycan nümayəndələri isə Ermənistanda bu prossesi davam etdirmək üçün görüşlər və müzakirələr keçirirlər.
Növbəti müzakirədə azərbaycanlı ictimai-siyasi liderlər, media təmsilçiləri quru sərhədindən Ermənistana keçərək müzakirə aparıblar. Qeyd edək ki, bu vəziyyət kifayət qədər maraq doğurub.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev bu barədə Crossmedia.az-a açıqlama verib:

"Vətən müharibəsində əldə edilən tarixi qələbədən sonra regionun gələcək taleyi müzakirə mövzusuna çevrilib. Burada ən mühüm amil sülh və danışıqlar yolu ilə Ermənistan-Azərbaycan arasındakı məsələlərin həlli idi. Bu məqsədlə Azərbaycan genişmiqyaslı danışıqlar prosesinə başladı.
Sülh mövzusunda regional və beynəlxalq müstəvidə aparılan bu uğurlu siyasət artıq öz töhfəsini verməyə başlayıb. Ermənistan-Azərbaycan münasibətlərində sülh yolunda geniş imkanlar yaranıb. Bu isə regionun siyasi, sosial və iqtisadi inkişafı üçün mühüm amildir".
Ə.Vəliyev əlavə edib ki, sülh əhalinin təhlükəsiz yaşaması üçün ən vacib şərtlərdən biridir.
Onun sözlərinə görə, Cənab Prezidentin də qeyd etdiyi kimi, artıq bir müddətdir ki, sülh şəraitində yaşayırıq. Bu onu ifadə edir ki, sülh ən böyük dəyərdir və millətlərin gələcəklə bağlı arzularını həyata keçirməsi baxımından ən vacib məsələdir:
"Qlobal münaqişələrin bir çox ölkədə yaşandığı bir dövrdə sülhü əldə etmək Azərbaycanın xarici siyasətinin qələbəsidir.
Ermənistan-Azərbaycan nümayəndələri arasında keçirilən görüşlərdə aparılan dialoqlar sülhə xidmət edir. Vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən bu görüşlər eyni zamanda ictimai müzakirələrin və birgə yaşayışın gələcək perspektivləri üçün imkanlar yaradır. Artıq Azərbaycan iqtisadi və sosial imkanlarını daha da genişləndirir, qlobal iqtisadiyyatda aparıcı dövlətlərdən birinə çevrilir. Burada iqtisadi kommunikasiyalar əsas rol oynayır. Bu prosesə digər Qafqaz xalqlarının iştirakı onu daha da gücləndirə bilər. Qafqaz artıq dünyada sülh və təhlükəsizlik məkanı kimi tanınır. Bu da ölkələrin siyasi, iqtisadi və sosial inkişafında vacib rol oynayacaq.
Qarşılıqlı əlaqələrin qurulması, xüsusilə də Zəngəzur dəhlizinin açılması bir çox nəqliyyat qovşaqları vasitəsilə iqtisadi imkanları genişləndirəcək.
Günümüzün reallığında dayanıqlı sülhün mövcudluğu insanların bir-birinə olan etimadından irəli gəlir. Bu etimadın geri qayıtması üçün “Sülh körpüsü” adı ilə keçirilən iki ölkə nümayəndələrinin görüşləri mühüm əhəmiyyət daşıyır. Bu görüşlərin artması hərtərəfli proseslərə töhfə verəcək".
Fatimə Məmmədova
11:52 19.02.2026
Oxunuş sayı: 996