Vaşinqtonda paraflanan sazişdən sonra Vensin səfəri yeni bir mərhələdir
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfər edib. Səfər çərçivəsində keçirilən görüşlər iki ölkə arasında münasibətlərin daha da dərinləşdiyini göstərdi. Son bir ildə Azərbaycanın ABŞ ilə əlaqələri sürətlə inkişaf edib, ticarət, enerji, tranzit və texnoloji sahələrdə əməkdaşlıq yeni mərhələyə daxil olub.
Həmçinin, bölgədə sülh və sabitliyin gücləndirilməsi, xüsusilə Azərbaycan ilə Ermənistan arasında dialoqun dəstəklənməsi səfərin diqqət mərkəzində olub. Zəngəzur dəhlizi və TRİPP marşrutu kimi strateji layihələr də bu əməkdaşlığın əsas mövzularındandır.
Siyasi şərhçi Arzuman Abdulkərimov mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib :

"Azərbaycan ilə ABŞ arasında münasibətlər ötən bir ildə çox yüksək bir inkişaf tempinə daxil olub. Təbii ki, münasibətlərin bu şəkilə gəlib çıxmasında hər iki ölkənin liderlərinin xüsusi rolu var. İki ölkə arasındakı bu əlaqələr Cənubi Qafqazda münasibətlərin genişlənməsinə, əməkdaşlığın inkişafına xüsusi töhfə verir".
Şərhçi, sülh və sabitlik məsələsini xüsusi qeyd edib: "Azərbaycan ilə Ermənistan arasındakı münasibətlərin tənzimlənməsini vurğulamaq yerinə düşər. Hər iki ölkənin əməkdaşlığı ilk növbədə bu məsələyə çox ciddi töhfə verir. Avqust ayında Azərbaycan ilə Ermənistan arasında Vaşinqtonda paraflanan saziş mətnindən sonra keçirilən görüş ilə münasibətlər yeni mərhələyə daxil olub. Bu da sülh və sabitlik məsələsidir. Təbii ki, burada ABŞ Prezidenti Donald Trampın da rolu böyükdür.
Qeyd edək ki, bu əməkdaşlıqda həm də TRİPP marşrutu ilə Zəngəzur dəhlizinin açılmasına çox böyük dəstək verib. Son iki gündə ABŞ Vitse-prezidenti Ceyms Devid Vensin də Azərbaycana səfəri, keçirdiyi görüşlər, əldə olunan razılaşmalar, iki ölkə arasında imzalanan xartiya bu münasibətləri və əlaqələri növbəti üstün mərhələyə çıxarmış olacaq. Biz Xartiyada əks olunan məsələlərə diqqət etdikdə görürük ki, çox geniş məqamlar - enerji, ticarət , tranzit, iqtisadi sərmayələr, süni intellekt böyük prosseslərdir. Beləliklə, bu əməkdaşlıq yeni məqamları ortaya çıxarmış olacaq".
Fatimə Məmmədova
13:12 12.02.2026
Oxunuş sayı: 556