Paşinyan real Ermənistan yaradır, mifdən imtina edir
Ermənistanda yaxınlaşmaqda olan parlament seçkiləri ölkənin daxili siyasi gündəmini yenidən formalaşdırmaqla yanaşı, regionda geosiyasi proseslərə də təsir göstərə biləcək mühüm mərhələ kimi qiymətləndirilir. Son illər siyasi sabitlik, hakimiyyət-müxalifət qarşıdurması, sosial-iqtisadi problemlər və təhlükəsizlik məsələləri fonunda keçiriləcək bu seçkilər həm Ermənistan cəmiyyəti, həm də beynəlxalq aktorlar üçün xüsusi diqqət mərkəzindədir. Mövcud vəziyyət onu göstərir ki, seçki kampaniyası təkcə siyasi qüvvələrin rəqabəti deyil, eyni zamanda ölkənin gələcək strateji istiqamətinin müəyyənləşməsi baxımından da həlledici xarakter daşıyır.

Mövzu barədə Crossmedia.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, seçki kampaniyaları həmişə hər bir ölkənin ictimai-siyasi həyatına öz təsirlərini göstərməyə başlayır: "Bu, təsadüfi deyil. Çünki seçkilər mübarizə və qarşıdurma deməkdir. İndi bəzi ölkələrdə bu proses sivil qaydada gedir, bəzilərində isə qaydaların pozulması ilə müşahidə olunur. Ermənistanın daxili aləminə bir qədər bələdik.Görürük ki, orada da qığılcımlı bir vəziyyət formalaşır. Bunun üçün çalışan qüvvələr mövcuddur. Bunlar ilk növbədə hakimiyyətin rəqibləridir. Ermənistan Baş naziri Nikol Paşinyan isə öz səylərini barışığa doğru yönəldir. 2018-ci ildən indiyə qədər o, bir neçə dəfə Azərbaycan Prezidenti ilə görüşlər keçirmişdi - Düşənbədə və Sankt-Peterburqda. O zaman məqsəd müharibədən qaçmaq və barışığa doğru addım atmaq idi. Lakin həmin dövrdə prosesi dayandırmaq mümkün olmadı. Çılğın qüvvələr, eləcə də islamofob və türkofob dairələr təzyiq göstərirdi və müharibənin davam etdirilməsini tələb edirdilər. Azərbaycanın əks-hücuma keçməsi və parlamentin qərarları nəticəsində isə Paşinyan başa düşdü ki, müharibə Ermənistan üçün davam etdirilə bilməz. Bu isə onu barışıq və sabitlik istiqamətinə yönəltdi. Paşinyan bu prosesdə əsas tezisini belə müəyyən edib: “Mifik Ermənistanı yox, real Ermənistanı yaratmaq istəyirəm və onu yaradıram". Məqsəd erməni xalqını illüziyalar, xülyalar və yalan təsəvvürlərdən xilas etməkdir".
Politoloq qeyd edib ki, seçkilər Ermənistan üçün məsuliyyətli dövrə çevriləcək: “Hakimiyyətin rəqibləri, kilsə də daxil olmaqla, Paşinyanın hakimiyyətinə əks-hücuma keçməyə çalışacaqlar. Xarici qüvvələr və diaspor təşkilatları da bunu gizlətmir. Lakin Paşinyan hələ ki, sivil qaydada mübarizədə ciddi səhvlərə yol verməyib və bundan sonra da verməyəcək. Onun əsas məqsədi Ermənistanın realistik şəkildə formalaşmasını təmin etməkdir”.
T. Abbasov əlavə edib ki, erməni siyasi elitası Azərbaycan və Türkiyə ilə barışıq istiqamətində hərəkət etməlidir: “Onlar öz xeyrləri üçün bunu etməlidir. Azərbaycan artıq tranzitləri açıb, yanacaq təmin edib və sivil dəstək göstərir. Ermənistan siyasi rəhbərliyi bunu başa düşüb, sadəcə radikal qanadın da ağlını başına yığması vacibdir. Bu proseslərdə doğru nəticə əldə edilməlidir”.
Mehriban Yariyeva
12:39 09.02.2026
Oxunuş sayı: 555