“Tramp layihəsi” ilə bağlı təklif: ABŞ şirkəti öz payının 25 faizini Azərbaycana versin
Regionda geosiyasi proseslərin sürətlə dəyişdiyi indiki dövrdə böyük güclərin Cənubi Qafqaza yönəlik diplomatik fəallığı da artmaqdadır. Xüsusilə, son vaxtlar ABŞ-ın rəsmi nümayəndələrinin region ölkələrinə səfərləri yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də regional təhlükəsizlik, iqtisadi layihələr və siyasi balans baxımından da qiymətləndirilir.
Bu fonda fevral 9-da
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistana, növbəti gün isə Azərbaycana
səfəri maraq doğurur. Bu gün Ermənistanın daxilində gedən siyasi proseslər,
sülh gündəliyinin gələcək perspektivləri və regionda həyata keçirilməsi nəzərdə
tutulan iri layihələr fonunda bu səfərin mümkün nəticələri ekspertlər tərəfindən
müxtəlif aspektlərdən təhlil olunur.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi elmlər doktoru, professor Sabir Məmmədli bildirb ki, Vensin bu səfəri ilk növbədə Ermənistanın hal-hazırkı daxili ictimai-siyasi vəziyyəti nəzərə alınaraq həyata keçirilir.
“Bu baxımdan ABŞ rəsmisinin
səfəri parlament seçkiləri ərəfəsində Paşinyan hakimiyyətinin ABŞ kimi böyük
bir superdövlət tərəfindən dəstəklənməsi mesajı verilir ki, bu da Paşinyanın həyata
keçirdiyi siyasətə dəstək kimi qəbul oluna bilər. Şübhəsiz ki, Vens Ermənistanda
“Tramp layihəsi” ilə bağlı məsələləri də müzakirə edəcək. Çünki bu layihə müəyyən mənada gündəmdə saxlanılsa da,
praktik müstəvidə ciddi irəliləyiş müşahidə olunmur. Bu səbəbdən səfər çərçivəsində
layihə ətrafında müzakirələrin aparılması gözləniləndir. Bununla yanaşı,
regionda mövcud olan gərgin vəziyyət, baş verən hadisələr və xüsusilə, İranla
bağlı məsələlər də əsas müzakirə olan mövzularından olacaq".
Professor əlavə edib ki, Azərbaycanla
bağlı məsələlərə gəldikdə isə, ABŞ-nin regionda ciddi maraqlarının olduğu şübhə
doğurmur:
“Bu maraqların mühüm hissəsi
İranla bağlı geosiyasi məsələlər və Azərbaycan–Ermənistan arasında sülh
prosesinin dərinləşdirilməsi ilə əlaqədardır. Bununla yanaşı, mən icra hakimiyyəti
orqanlarına və dövlət başçısına belə bir optimal təklifin verilə biləcəyini
düşünürəm: Vensin Azərbaycana mümkün səfərindən istifadə edərək, Azərbaycan
hökuməti təşəbbüslə çıxış edə bilər. Təklif ondan ibarət ola bilər ki, “Tramp
layihəsi” çərçivəsində iştirak edən şirkətin pay bölgüsündə ABŞ tərəfinə çatacaq
payın bir hissəsi Azərbaycana verilsin. Mövcud bölgüyə əsasən, layihədə ABŞ
şirkətinin payı təxminən 76 faiz, Ermənistan tərəfinin payı isə 24 faiz təşkil
edir. Mənim təklifim ondan ibarətdir ki, ABŞ öz payının müəyyən hissəsini — məsələn,
25 faizini Azərbaycana satsın,bununla da Azərbaycan bu layihədə birbaşa iştirak
etsin".

S.Məmmədli son olaraq
vurğulayıb ki, bu iştirak həm maliyyə baxımından, həm də proseslərin idarə
olunması baxımından mühüm əhəmiyyət daşıya bilər:
“Çünki Azərbaycan Naxçıvanla və Türkiyə ilə əlaqələrin
daha da gücləndirilməsində maraqlıdır, bu layihənin effektiv həyata keçirilməsi
həmin məqsədlərə xidmət edə bilər. Layihənin daha səmərəli işləməsi üçün pay
bölgüsündə balansın yaradılması vacibdir. Ermənistan tərəfinin payı 24 faiz
olduğu halda, ABŞ payının bir hissəsinin Azərbaycana verilməsi layihənin
regional baxımdan daha dayanıqlı və funksional olmasına şərait yarada bilər".
Ayhan
10:55 09.02.2026
Oxunuş sayı: 528