Ermənistandan qəfil həmlə: Sülhdən yayınır?
Son illərdə beynəlxalq təhlükəsizlik mühitində baş verən dəyişikliklər fonunda dövlətlər arasında hərbi və hərbi-texniki əməkdaşlıq getdikcə daha böyük əhəmiyyət kəsb edir. Xüsusilə regional təhlükəsizlik çağırışları ölkələri yeni tərəfdaşlıqlar qurmağa və mövcud əlaqələri dərinləşdirməyə sövq edir. Bu kontekstdə Hindistan və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlığın inkişafı diqqət çəkir. Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi general Anil Çauxan ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasında İrəvanda keçirilən görüş ikitərəfli münasibətlərin genişləndirilməsi və regional, eləcə də beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu barədə Crossmedia.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Azərbaycanın Çin, Pakistan və Türkiyə kimi kifayət qədər böyük potensiala malik olan ölkələrlə hərbi və müdafiə sahəsində yaxından əməkdaşlıq etməsi Hindistanı daim dərindən narahat edib. Onun sözlərinə görə, məhz Hindistanın Ermənistanla əməkdaşlığı da Azərbaycanın daha əvvəl adını çəkdiyi ölkələrlə yaxın münasibətlərinə qarşı atdığı addım kimi dəyərləndirilməlidir: "Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması və imzalanması üçün addımların atıldığı bir vaxtda Hindistan tərəfindən Ermənistanın silahlandırılması kifayət qədər zərərli bir addımdır və bu, davam edən sülh prosesinə kifayət qədər böyük zərbə vurur. Kimsəyə sirr deyil ki, Ermənistanın daha əvvəl əldə etdiyi silahlar yalnız Azərbaycana qarşı istifadə olunub. Hazırda alınan bu silahların nə zamansa Azərbaycana qarşı istifadə olunmayacağına heç kim zəmanət verə bilməz. Onun sözlərinə görə, bütün bu deyilənləri nəzərə alaraq Azərbaycan Ermənistanın silahlanmasını nəzarətə götürməlidir. Bu silahlar hansı silahlardır, onların tərkibi nədən ibarətdir, təyinatı nədir, harada yerləşdirilir, hansı məqsədlə yerləşdirilir. Bütün bu suallara biz Ermənistan tərəfindən təcili cavab tələb etməliyik”.
Mehriban Yariyeva
11:03 04.02.2026
Oxunuş sayı: 1601