Gürcüstan: xarici müdaxilə və siyasi gərginlik
Gürcüstanda keçirilən parlament seçkilərindən sonrakı iğtişaşlar hələ də davam edir. Parlamentin qərarı ilə razılaşmayan müxalifət qüvvələri etiraz kampaniyaları təşkil edirlər. Bu etiraz kampaniyaları və iğtişaşlarda xarici ölkələrin, hətta Ermənistanın rolunun olduğu barədə məlumatlar yayılıb. Maraqlı sual yaranır: Gürcüstanda baş verən hadisələrə xaricdən diversantlar göndərilə bilərmi?
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli Crossmedia.az-a açıqlamasında bildirib:
"Gürcüstanda hazırda baş verən hadisələr birbaşa xaricdən idarə olunan proseslərdir. Gürcüstan birmənalı şəkildə ABŞ, Fransa və Avropa İttifaqının təsirindən uzaq siyasət yürütməyə çalışır. Buna görə də Qərbdə Gürcüstan hakimiyyətinə qarşı qəzəb müşahidə olunur. Qərbyönümlü hakimiyyət formalaşdırmaq üçün bir çevriliş planının mövcudluğu artıq şübhə doğurmur".
İğtişaşlarda iştirak edən xarici dövlətlərdən danışan politoloq əlavə edib:
"Bu gün Qərb kəşfiyyat xidmətlərinin nümayəndələri Gürcüstandakı hadisələrə birbaşa müdaxilə etməkdədir. Bu, yalnız Qərb kəşfiyyatı ilə məhdudlaşmır. Eyni zamanda, burada erməni kəşfiyyatının da adı çəkilir. Hələ seçkilər ərəfəsində məlum olmuşdu ki, Ermənistan kəşfiyyatına Gürcüstanda yaşayan etnik ermənilər vasitəsilə təxribat törətmək üçün təlimat verilib. Ermənistan kəşfiyyatı bu təlimatı icra etməkdə davam edir.
Hazırkı müşahidələr göstərir ki, həm Ermənistan kəşfiyyatı, həm də bəzi Avropa İttifaqı ölkələri Gürcüstanı qarışdırmaq üçün diversantlardan və hətta terrorçulardan istifadə etməyə çalışırlar. Gürcüstanda fəaliyyət göstərən bəzi ölkələrin səfirlikləri də bu proseslərdə fəal iştirak edirlər. Bəzi xarici ölkə səfirləri açıq şəkildə iğtişaş törədənlərə və üsyana qalxanlara dəstək verdiklərini nümayiş etdirirlər. Bu isə birbaşa Gürcüstanın daxili siyasətinə müdaxilədir".
Ayhan Ağarzayev
09:47 03.12.2024
Oxunuş sayı: 5887