Cənubi Qafqazın geosiyasi mövqeyinin güclənməsində Zəngəzur dəhlizi hansı rola malikdir? - RƏY
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında nəqliyyat və rəqəmsal sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan müzakirələr regional və beynəlxalq inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Zəngəzur dəhlizinin Trans-Avropa nəqliyyat şəbəkələrinə (TEN-T) daxil edilməsi məsələsi Azərbaycanın nəqliyyat-logistika imkanlarının artırılması və Orta Dəhlizin strateji rolunun gücləndirilməsi kontekstində diqqət mərkəzindədir. Bu çərçivədə Aİ ilə aparılan dialoq təkcə nəqliyyat infrastrukturu deyil, eyni zamanda rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahələrində də əməkdaşlıq perspektivlərini ön plana çıxarır.
Bu barədə Crossmedia.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən quru nəqliyyat layihəsi deyil, eyni zamanda daha geniş coğrafiya üçün strateji əhəmiyyət daşıyan beynəlxalq dəhlizdir.
Deputatın sözlərinə görə, Zəngəzur dəhlizi həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat xətləri ilə inteqrasiya olunmaqla Trans-Avropa nəqliyyat şəbəkəsinə qoşulmaq imkanlarını genişləndirir: “Bu dəhliz vasitəsilə Avropa və Asiya, o cümlədən Asiyanın inkişaf etmiş ölkələri üçün məhsulların idxal və ixracında yeni imkanlar formalaşacaq. Bu isə beynəlxalq ticarətin sürətlənməsi baxımından mühüm üstünlüklər yaradır. Zəngəzur dəhlizinin nəqliyyat layihəsi kimi istifadəyə verilməsi region üzərindən daşınan yüklərin həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Bu proses Cənubi Qafqazın geosiyasi mövqeyini daha da gücləndirir. Xüsusilə Rusiya və İran üzərində sanksiyaların qüvvədə olduğu bir dövrdə Orta Dəhlizə maraq daha da artır. Belə bir şəraitdə Zəngəzur dəhlizi region üçün ən vacib nəqliyyat və logistika layihələrindən birinə çevrilir. Bütün bu proseslər Azərbaycanın regional və beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsinə xidmət edir. Zəngəzur dəhlizinin reallaşması Azərbaycanın geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, ölkəmizi Avropa ilə Asiya arasında əsas logistika qovşaqlarından birinə çevirir”.
Mehriban Yariyeva
13:50 02.02.2026
Oxunuş sayı: 454