Ermənistanda ara qarışır: Paşinyanla kilsə üz- üzə
Son dövrlər Ermənistanda kilsə daxilində baş verən proseslər təkcə dini müstəvidə deyil, eyni zamanda siyasi və institusional çərçivədə də ciddi suallar doğurur. İslahat adı altında irəli sürülən təşəbbüslər bir tərəfdən mövcud rəhbərliyin legitimliyini sarsıdır, digər tərəfdən isə kilsədaxili güc balansının kimlərin xeyrinə dəyişəcəyini qeyri-müəyyən saxlayır. “Yol xəritəsi” kimi təqdim olunan planın mahiyyəti isə sadəcə struktur dəyişikliyi deyil, bütövlükdə kilsənin idarəetmə fəlsəfəsinin yenidən formalaşdırılmasına yönəlib. Məhz bu səbəbdən prosesə cəlb olunan tərəflərin sayı yox, onların real təsir gücü və siyasi dəstəyi həlledici amilə çevrilir.
Ermənistan daxilində baş verən proseslər barədə Crossmedia.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, alternativ qaydada 12 yepiskopu prosesə cəlb etmək yekun nəticənin əldə olunması üçün kifayət etmir: "Çünki bu addım Qarəginin legitimliyini sarsıtsa da, kilsə daxilində real güc balansını müəyyən etməyə imkan vermir. Həmçinin, hansı tərəfin üstün mövqedə olduğu da tam aydın deyil. Bununla belə, “yol xəritəsi”nin məqsədləri kifayət qədər aydındır. Sözügedən təkmilləşdirmə ikinci Qarəginin uzaqlaşdırılmasını, fundamental olaraq yeni nizamnamənin qəbulunu və yeni seçkilərin keçirilməsini nəzərdə tutur. Eyni zamanda, kilsənin hesabatlı olması, yeni nizamnamə əsasında maliyyələşdirilməsi və ən mühüm bəndlərdən biri kimi siyasətdən uzaqlaşdırılması tələb olunur".

Ekspert, həmçinin qeyd edib ki, bu baxımdan Qarəginin istefasından sonrakı mərhələlərin necə inkişaf edəcəyi sual altındadır: "Aydındır ki, cəmi 10 nəfər yepiskopun simvolik təzyiq və iştirakı prosesin irəliləməsi üçün yetərli olmaya bilər. Qarşı tərəf rəsmi şəkildə prosesdə iştirak etdiyini qəbul etməsə də, kilsə gündəliyinin müəyyən məqamları ilə razı olduğunu bildirir. Hazırda kilsə hələ də kifayət qədər müstəqil və güclü bir mərkəz olaraq qalır və açıq şəkildə bir çox yepiskop tərəfindən dəstəklənir. Digər tərəfdən, siyasi təzyiqlər, keçmiş prezident Robert Koçaryan və ona yaxın çevrələrin Qarəgini müdafiə etməsi prosesi artıq siyasi müstəviyə daşıyır. Bu səbəbdən də Qarəginin istefa verməsi məsələsində əsas diqqət Paşinyan hakimiyyətinə yönəlir. Lakin hazırkı mərhələdə qəti bir fikir söyləmək hələ ki, çətindir".
Ayhan
15:57 07.01.2026
Oxunuş sayı: 1871