Ermənistanın İranla strateji tərəfdaşlıq planı: regional balansı dəyişə bilərmi?
Ermənistanın xarici siyasətində strateji tərəfdaşlıqların rolu getdikcə önəmli məqama çevrilir. Ölkə, 2025-ci ilin əvvəlindən etibarən ABŞ və Avropa İttifaqı ilə müxtəlif strateji sənədlər imzalamış, bu əlaqələri daha da möhkəmləndirməyə çalışır. Eyni zamanda, Ermənistan-İran münasibətləri də sürətlə inkişaf edir. Baş nazir Nikol Paşinyan açıqlayıb ki, İrəvan Tehranla yüksək səviyyəli və möhkəm münasibətləri rəsmi şəkildə strateji tərəfdaşlıq sənədi ilə təsbit etməyi planlaşdırır. Bu addım, Ermənistanın regional siyasətdə balanslı və çoxşaxəli əməkdaşlıq strategiyasını nümayiş etdirir və ölkənin müxtəlif güc mərkəzləri ilə əlaqələrini sistemli şəkildə inkişaf etdirməyə yönəlib.
Mövzu ilə bağlı siyasi şərhçi Nigar Allahverdiyeva Crossmedia.az-a bildirib ki, Ermənistan baş nazirinin İranla strateji tərəfdaşlıq sənədi imzalamağa hazır olduqlarını deməsi İrəvanın regiondakı yeni reallıqlarla barışmaqda çətinlik çəkməsinin növbəti əlamətidir. 44 günlük müharibədən sonra formalaşan geosiyasi balans fonunda Ermənistan hələ də öz təhlükəsizliyini üçüncü tərəflər üzərindən təmin etməyə çalışır və bu kontekstdə İran faktoru İrəvan üçün siyasi dayaq rolunda təqdim edilir.
Allahverdiyeva vurğulayıb ki, belə bir sənədin imzalanması ehtimalı mövcuddur, lakin onun real təsir imkanları məhduddur. Ermənistanın strateji tərəfdaşlıq iddiaları praktikada nə regional balansı dəyişə, nə də mövcud reallıqları yenidən formalaşdıra bilər. İranın yanaşması isə daha çox regionda sabitliyin qorunması və sərhədlərin toxunulmazlığı ilə bağlıdır ki, bu da Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə ziddiyyət təşkil etmir.
Ekspert bildirib ki, əgər sənəd imzalansa belə, bu, Cənubi Qafqazda Azərbaycanın aparıcı rolunu və regionda formalaşdırdığı yeni siyasi-iqtisadi reallıqları dəyişə bilməz. Azərbaycan bu gün regional kommunikasiya xətlərinin açılmasının əsas təşəbbüskarıdır və prosesin yalnız suverenlik, qarşılıqlı hörmət və beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsini qəti şəkildə müdafiə edir. Paralel “strateji” təşəbbüslər isə reallıqda Azərbaycanın sülh gündəliyinə alternativ ola bilməz.
Mehriban Yariyeva
19:40 26.12.2025
Oxunuş sayı: 1293