Azərbaycanla ABŞ arasında fikir yaxınlığı yeni əməkdaşlıq mərhələsi yaradır - Politoloq
Son dövrlər beynəlxalq münasibətlər sistemində müşahidə olunan dinamik dəyişikliklər fonunda Azərbaycan–ABŞ əlaqələrinin yeni mərhələyə qədəm qoyması diqqət çəkir. Xüsusilə son aylarda tərəflər arasında siyasi dialoqun intensivləşməsi, qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq mexanizmlərinin formalaşdırılması münasibətlərin keyfiyyətcə fərqli bir müstəviyə keçdiyini göstərir. Bu baxımdan dekabrın 20-də Vaşinqtonda keçirilən ABŞ–Azərbaycan ikitərəfli işçi qrupunun ilk iclası təkcə diplomatik təmasların növbəti mərhələsi deyil, eyni zamanda strateji əməkdaşlığın institusional əsaslar üzərində inkişafına yönəlmiş mühüm addım kimi dəyərləndirilir. Mövcud geosiyasi reallıqlar, regional təhlükəsizlik çağırışları və enerji, nəqliyyat, iqtisadiyyat kimi sahələrdə qarşılıqlı maraqlar bu yaxınlaşmanın təsadüfi olmadığını göstərir. Sözügedən proses həm ikitərəfli münasibətlərin gələcək inkişaf trayektoriyasını müəyyənləşdirir, həm də Cənubi Qafqaz və daha geniş regionda sabitlik və təhlükəsizlik məsələlərinə təsir göstərə biləcək yeni imkanlar yaradır.

Mövzu ilə bağlı politoloq Əli Zülfüqaroğlu Crossmedia.az-a açıqlama verib. O bildirib ki, Amerika Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərin inkişafı ilk növbədə Azərbaycan diplomatiyasının doğru siyasəti kimi qiymətləndirilməlidir: ‘’Çünki Tramp prezident olmadan öncə, Prezident İlham Əliyev Şuşada ABŞ-la siyasi durum və perspektiv barədə önəmli fikirlər səsləndirmişdi. Təbii ki, Azərbaycan tərəfinin bu yanaşması, sonradan Prezident seçilən Tramp tərəfindən də yüksək qiymətləndirildi və bir sıra istiqamətlərdə Azərbaycanla ABŞ arasında fikir yaxınlığı yarandı.Xüsusilə də ideoloji müstəvidə hər iki ölkə ənənəvi dəyərlərinin qorunması və inkişaf etdirilməsi istiqamətində prinsipial mövqeyini müdafiə edir. Yəni qlobalizm tərəfindən yaradılan suni dəyərlərin sıradan çıxarılmasının vacibliyi ilə bağlı müzakirələr aparılır. Təbii ki, iki ölkə arasında iqtisadi perspektivlər də əsas məsələlərdən və prioritet istiqamətlərdən biridir. Ona görə hesab edirəm ki, Vaşinqtonda imzalanan bəyannamədən sonra iki ölkənin əlaqələrinin inkişafı ilə bağlı önəmli bir mərhələyə qədəm qoyuldu. Amma bundan sonraki perspektivdə, xüsusilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı investisiyalar və iqtisadiyyatın digər sahələri ilə bağlı önəmli addımların atılması prioritet istiqamətlərdən biridir’’.
Politoloq qeyd edib ki, iki ölkənin əlaqələrinin daha da inkişafı və uzaq perspektivə hesablanması kökündə daha çox iqtisadi imkanların genişləndirilməsi dayanır: ‘’Bu baxımdan ölkə iqtisadiyyat əlaqələrinin inkişafında maraqlı görünür. Ona görə də Azərbaycan və ABŞ tərəflərinin iclasından çıxarılan nəticələr ölkələr arasında münasibətlərin inkişafı baxımından önəmli hadisədir və yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir. Bundan sonraki mərhələdə təbii ki, Azərbaycan və ABŞ arasında münasibətlərin inkişafı üçün perspektivlər var və hər iki ölkənin potensialı buna imkan verir. Bu da əlbəttə ki, istər ABŞ istərsə də, Azərbaycanın marağını tam əhatə edir’’.
Sevinc Yarməmmədova
17:00 26.12.2025
Oxunuş sayı: 1496