Ermənistan diqqətli olmalıdır: Bu, yeni müharibə deməkdir
Ermənistanın baş naziri Qarabağ ermənilərinin gələcəyi ilə bağlı verdiyi son açıqlamalarla həm ölkə daxilində, həm də ictimai-siyasi müstəvidə geniş müzakirələrə səbəb olub. Hökumət başçısı bildirib ki, Qarabağ ermənilərinin geri qayıdışı məsələsinin gündəmdə saxlanılması real nəticə vermir və əksinə, onları uzunmüddətli, hətta “əbədi didərginlik” vəziyyətinə sürükləyir.
Baş nazirin bu yanaşması Qarabağ ermənilərinin yaşayış yeri və hüquqi statusu ilə bağlı məsuliyyətin Ermənistanın beynəlxalq səviyyədə tanınmış suveren ərazisi çərçivəsində həll edilməli olduğunu ön plana çıxarır. Məhz bu açıqlamalardan sonra ölkə daxilində narazılıq dalğası güclənib, Eçmiədzin şəhərində kütləvi etiraz aksiyaları başlayıb, tərəflər arasında qarşıdurmalar qeydə alınıb və ilk saxlanılanlar olub.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Ceyhun Məmmədov Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Bu məsələ artıq anlaşılıb. Azərbaycan
açıq şəkildə bildirir ki, bu məsələyə geri dönülməyəcək və yenidən müzakirə olunmayacaq. Bu mövzunun təkrar müzakirəsi yalnız ikitərəfli münasibətlərə zərər gətirə bilər. Rəsmi qaydada da bu, diqqətlə çatdırılır.
Bu, yenidən müharibənin başlanması anlamına gəlir. Hesab edirəm ki, Azərbaycan tərəfi bunu yaxşı başa düşür. Bu gün ermənilər arasında müəyyən bir kəsim qayıtmaq istəsə də, böyük bir hissəsi bu prosesdə maraqlı deyil, çünki perspektivini görmürlər. Əslində, onları oradan heç kim çıxarmayıb – onlar özləri çıxıblar. Onlar öz seçimlərinə görə məsuliyyət daşıyırlar. Bu məsələyə qayıtmaq mümkün deyil və hər hansı bir geri dönmə yenidən müharibəyə səbəb ola bilər. Biz artıq çıxış yolları, nailiyyətlər barədə düşünmürük, digər addımlar atmaqdan çəkinmirik. Məqsəd də budur ki, bu mesaj aydın şəkildə çatdırılsın".
12:33 20.12.2025
Oxunuş sayı: 1357