Azərbaycanla Ermənistan arasında sülh gündəliyi çərçivəsində yanacaq ixracına başlanır
Azərbaycanla Ermənistan arasında sülh gündəliyi çərçivəsində yanacaq ixracına başlanır
Azərbaycanla Ermənistan arasında formalaşan sülh gündəliyi çərçivəsində dekabrın 18-dən etibarən Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanacaq.
Crossmedia.az bu barədə xəbər verir.
Məlumata görə, noyabrın 28-də Qəbələ şəhərində Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan arasında keçirilən görüşdə əldə olunan razılaşmaya əsasən, bu gün SOCAR tərəfindən istehsal olunmuş Aİ-95 markalı benzinin 22 vaqonu Ermənistana göndəriləcək.
Qeyd olunur ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı tamamilə kommersiya xarakteri daşıyır və yanacaq beynəlxalq bazar qiymətlərinə uyğun şəkildə satılacaq.
Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin dekabrın 8-də yaydığı açıqlamada bildirilib ki, dekabrın 5-də Tbilisi tərəfdaşlarından Azərbaycandan Ermənistana Gürcüstan ərazisi vasitəsilə yanacağın birdəfəlik tranziti ilə bağlı müraciət daxil olub. Gürcüstanın baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına yükün dəmir yolu ilə birdəfəlik və ödənişsiz daşınmasının təmin edilməsi tapşırılıb.
Bu addım sülh gündəliyinin yalnız bəyanatlarla məhdudlaşmadığını, praktiki müstəvidə də reallaşdırıldığını göstərir.
Azərbaycandan Ermənistana neft məhsullarının ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin formalaşması istiqamətində mühüm addım hesab olunur. Bu proses eyni zamanda regionda iqtisadi əməkdaşlığın və qarşılıqlı əlaqələrin genişlənməsinə töhfə verəcək.
Günel Verdiyeva
12:54 18.12.2025
Oxunuş sayı: 1248