Azərbaycanla ABŞ arasında əlaqələrin intensivləşməsi müşahidə olunur - Ekspert
Azərbaycanın müdafiə sənayesi artıq formalaşma mərhələsini geridə qoyaraq regional və beynəlxalq əməkdaşlıq müstəvisində yeni imkanlar qazanır. Qlobal təhlükəsizlik çağırışlarının artdığı, Cənubi Qafqazda isə sülh gündəliyinin aktuallaşdığı bir dövrdə bu sahədə atılan addımlar xüsusi əhəmiyyət kəsb edir. Son dövrlər Azərbaycanla ABŞ arasında müşahidə olunan intensiv təmaslar da müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivlərini gündəmə gətirir və bu proseslərin təkcə iki ölkə üçün deyil, regionun ümumi təhlükəsizlik arxitekturası baxımından da önəmli nəticələr vəd etdiyini göstərir.
Mövzu il bağlı hərbi ekspert Üzeyir Cəfərov Crossmedia.az-a açıqlama verib:
"Müdafiə Sənayesi Nazirliyinin yaradılmasından 20 il ötür. Bu münasibətlə keçirilən tədbirdə çıxış edən müdafiə sənayesi naziri Vüqar Mustafayev qeyd edib ki, son dövrlərdə Azərbaycan–ABŞ münasibətlərində müsbət dinamika müşahidə olunur. Nazirin sözlərinə görə, bu, tamamilə təbii prosesdir. Xüsusilə də avqust ayında ABŞ-də Azərbaycan və Ermənistan arasında imzalanmış Sülh Memorandumu ilə bağlı böyük gözləntilər mövcuddur və regionda sülhün bərqərar olunması üçün real imkanlar yaranıb. Bu baxımdan müdafiə sənayesi də gedən proseslərdən kənarda qalmır. Vüqar Mustafayev vurğulayıb ki, ABŞ ilə istənilən əməkdaşlıq Azərbaycan üçün müsbət perspektivlər vəd edir. Bu perspektivlərə ABŞ-nin texnoloji imkanları ilə əlaqələrin qurulması, birgə layihələrin həyata keçirilməsi, eləcə də hazırda icra olunan layihələrin gələcək inkişafının birgə müzakirəsi daxildir. Azərbaycanda müstəqil hərbi sənaye kompleksinə daxil olan şirkətlər fəaliyyət göstərir və bu şirkətlərin də ABŞ-lə müəyyən əməkdaşlıq həyata keçirməsi mümkündür. Düşünürəm ki, bu əməkdaşlıq yeni mərhələnin başlanğıcıdır və hər iki tərəf üçün faydalı olacaq".

Ekspert regional dövlətlərin bu prosesə münasibətinə gəldikdə söhbətin iki ölkə arasında ikitərəfli münasibətlərdən getdiyini və burada hər hansı narahatlıq üçün əsasın olmadığını bildirib: "Rusiya, İran və Ermənistan da müxtəlif ölkələrlə, o cümlədən ABŞ-lə əməkdaşlıq edir. Azərbaycanın bu münasibətlərə hər zaman normal və sakit yanaşıb. Regional dövlətlər də bu əməkdaşlığı normal qəbul etməli və bunu özləri üçün təhlükə kimi qiymətləndirməməlidirlər. Normal münasibətlərin davam etməsi regionda sabitliyə və əməkdaşlığa töhfə verə bilər. Hər hansı narahatlıq ifadə olunsa belə, bu, Azərbaycan–ABŞ münasibətlərinə və planlarına ciddi təsir göstərə bilməz. Azərbaycan öz siyasətini ardıcıl şəkildə həyata keçirib və bundan sonra da davam etdirəcək. Azərbaycanla ABŞ arasında əlaqələrin intensivləşməsi müşahidə olunur və bu intensivlik müdafiə, təhlükəsizlik və digər sahələrdə qarşılıqlı maraqların üst-üstə düşməsi ilə bağlıdır. Məhz bu səbəbdən də konkret addımlar atılır və müvafiq qərarlar qəbul edilir".
Ayhan
12:36 18.12.2025
Oxunuş sayı: 4054