ABŞ-nin Milli Təhlükəsizlik Strategiyasında Cənubi Qafqaz boşluğu
ABŞ Müdafiə Nazirliyinin gündəlik nəşri olan Stars and Stripes qəzetində Xarici Siyasət Araşdırmaları İnstitutunun baş elmi əməkdaşı Stiven Blankın ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasına həsr olunmuş məqaləsi dərc edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, müəllif yeni strategiya ətrafında müzakirələr davam etdiyini, buna baxmayaraq sənəddə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarına dair hər hansı istinadın olmamasının ciddi narahatlıq doğurduğunu qeyd edib. Blank bu boşluğu xüsusilə ABŞ Prezidenti Donald Trampın regionda artan diplomatik fəallığı fonunda əsaslı strateji çatışmazlıq kimi qiymətləndirir. O, 8 avqust tarixində Ağ Evdə Azərbaycan və Ermənistan rəhbərlərinin iştirakı ilə keçirilmiş sammiti və imzalanmış Birgə Bəyannaməni xatırladır.
Məqalədə vurğulanır ki, Tramp administrasiyası Bakı ilə İrəvan arasında yaxınlaşma istiqamətində mühüm irəliləyişlər əldə edib və "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsi vasitəsilə ABŞ-nin regionda davamlı iştirakını formalaşdırıb. Eyni zamanda, C5+1 formatının genişləndirilməsi, Azərbaycanın bu platformaya cəlb edilməsi, eləcə də Qazaxıstan və Özbəkistanla iri həcmli sazişlərin imzalanması xatırladılır.
Stiven Blank hesab edir ki, strateji və resurs baxımından mühüm əhəmiyyətə malik olan bu regionların Milli Təhlükəsizlik Strategiyasında yer almaması, xüsusilə ABŞ-nin müdafiə sənayesi üçün vacib olan nadir torpaq elementlərinə çıxış kontekstində anlaşılan deyil. Onun fikrincə, Vaşinqton C6 formatı çərçivəsində regional əməkdaşlığı dəstəkləməli, təhlükəsizlik, infrastruktur və iqtisadi sahələrdə daha fəal rol almalıdır ki, bu da ABŞ biznesi üçün əlavə imkanlar yarada bilər.
Məqalədə ayrıca qeyd olunur ki, Cənubi Qafqaz Milli Təhlükəsizlik Strategiyasında hətta TRIPP layihəsi kontekstində belə xatırlanmır. Halbuki Zəngəzur üzərindən keçən ticarət marşrutu Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən mühüm strateji xətt kimi dəyərləndirilir.
Müəllif həmçinin ABŞ-nin Ermənistanın Rusiyadan asılılığının azaldılmasına töhfə verə biləcəyini, bununla paralel olaraq regional çəkisi və Vaşinqtonla əməkdaşlığa açıq mövqeyi ilə seçilən Azərbaycanla münasibətlərin qorunmasının mümkün olduğunu bildirir.
Stiven Blank məqalənin sonunda Milli Təhlükəsizlik Strategiyasındakı bu boşluqları ciddi strateji səhv adlandıraraq qeyd edir ki, beynəlxalq siyasətdə yol verilən səhvlər bəzən cinayətlərdən daha ağır nəticələr doğura bilər.
Nigar Yahyazadə
18:29 17.12.2025
Oxunuş sayı: 998