Türkiyə–İran yaxınlaşması Cənubi Qafqazda sülhü gücləndirir
Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunması istiqamətində siyasi proseslər intensiv şəkildə davam edir. Coğrafi olaraq Azərbaycan, Ermənistan və Gürcüstanı əhatə edən region siyasi baxımdan Rusiya, Türkiyə və İranın da daxil olduğu 6 dövlət üçün strateji əhəmiyyət daşıyır. Bu ölkələrin eyni platformada əməkdaşlığı regionda sabitlik, iqtisadi imkanlar və yeni təhlükəsizlik modelinin formalaşması baxımından mühüm sayılır. Məhz bu səbəbdən 3+3 formatı hazırda ən aktual regional mexanizmlərdən biri kimi müzakirə olunur.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Üzeyir Mustafayev bildirib ki, formatın gələcək taleyində xüsusilə Türkiyə–İran münasibətlərindəki dinamika da həlledici faktorlardan biridir. Onun sözlərinə görə, uzun illər müxtəlif ziddiyyətlərlə xarakterizə olunan Ankara–Tehran xəttində son dövrlər yaxınlaşma meyilləri açıq şəkildə görünməkdədir.
O qeyd edib ki, Türkiyə və İran arasında tarixi perspektivdə üç əsas ziddiyyət mövcud olub. Bunlardan birincisi Suriya məsələsi idi. Türkiyə vətəndaş müharibəsinin ilk mərhələsindən etibarən xalqı, İran isə Bəşər Əsəd rejimini dəstəkləyirdi. Bu, iki dövlət arasında ciddi fikir ayrılığı yaradırdı.
İkinci ziddiyyət nöqtəsi Kürd məsələsi və xüsusilə PKK ilə bağlı idi. Türkiyənin terrorla mübarizə apardığı bir vaxtda təşkilatın Suriya qolu İran tərəfindən dəstəklənirdi ki, bu da münasibətlərə ciddi zərbə vururdu.
Üçüncü fikir ayrılığı isə Cənubi Qafqazla bağlı idi. 44 günlük müharibədən sonra bölgədə baş verən dəyişikliklər, Zəngəzur dəhlizinin gündəmə gəlməsi və Azərbaycan–Türkiyə əlaqələrinin strateji səviyyədə güclənməsi rəsmi Tehran tərəfindən narahatlıqla qarşılanırdı. İranın Qafanda təcili konsulluq açması da siyasi mesaj rolunu oynayırdı.
Ü. Mustafayev deyib ki, artıq bu üç məqamın hər biri öz aktuallığını itirməkdədir. Suriyada Əhməd əl Şaraa hakimiyyətinin qurulması, hər iki dövlətin kürd dövləti ideyasına qarşı olması, PKK-nın silah qoyması və Suriyada zəifləməsi, eləcə də İranın bölgədə dəyişən təhlükəsizlik reallıqlarını qəbul etməsi Ankara–Tehran münasibətlərini yumşaldan əsas faktorlardır.
O həmçinin bildirib ki, İsrail amili də bu yaxınlaşmaya təsir edir. İranın İsraillə qarşıdurması fonunda Qəzza məsələsi üzrə Türkiyənin sərt mövqeyi iki dövlət arasında anlayışı daha da artırıb. İran Prezidenti Məsud Pezeşkianın ehtiyatlı və diplomatik yanaşması da münasibətlərin sabitləşməsində mühüm rol oynayır.
Onun sözlərinə görə, bütün bu proseslərin fonunda Cənubi Qafqazda 3+3 formatının əhəmiyyətli aktorları olan Türkiyə və İran arasında gərginliyin azalması formatın gələcəyi üçün mühüm siyasi baza yaradır. İranın dəyişən təhlükəsizlik arxitekturasını qəbul etməsi regionda əməkdaşlıq imkanlarını daha da genişləndirir.
Ü. Mustafayev əlavə edib ki, Türkiyə–Azərbaycan münasibətləri də yüksələn xətlə davam edir və strateji müttəfiqlik səviyyəsində çoxşaxəli əməkdaşlıq bölgədə yeni reallıqların əsasını formalaşdırır.
Nigar Yahyazadə
13:23 12.12.2025
Oxunuş sayı: 1391