Aİ Ermənistanı Azərbaycanla sülh sazişini imzalamağa təşviq edir- Politoloq
Almaniya Kansleri Fridrix Merts Ermənistanın Baş naziri Nikol Paşinyanla Berlində təşkil olunan mətbuat konfransında bildirib.
Mertsin sözlərinə görə, İrəvan və Bakı arasındakı sülh prosesi nümunəsi göstərir ki, "birgə səylər, diplomatiya və qarşılıqlı hörmət davamlı sülh proseslərinə gətirib çıxara bilər". O vurğulayıb ki, məhz Azərbaycanla sülh Ermənistan üçün Avropa istiqamətində perspektiv açan əsas amil olub.
Kansler qeyd edib ki, Ermənistanın Aİ-yə üzvlük yolu Kopenhagen meyarlarının yerinə yetirilməsini tələb edir.
Paşinyan isə qeyd edib ki, Ermənistan ilə Aİ arasında tərəfdaşlığın dərinləşdirilməsində Almaniyanın dəstəyinə böyük əhəmiyyət verir və Aİ-yə üzvlük üçün "çətin və uzun yolda" gələcək siyasi dəstəyə ümidvar olduğunu ifadə edib.
Sülh sazişinin rəsmi İrəvanla Aİ arasında münasibətlərin inkişafına mümkün təsiri barədə politoloq Əhəd Məmmədli Crossmedia.az-a danışıb:" Almaniya, Fransa kimi dövlətlər uzun illərdir Ukrayna, Gürcüstan, Moldova və Ermənistanı Aİ-yə inteqrasiya istiqamətində təşviq edirlər və bu proses indi də davam edir. Məsələn, Ukraynanın ittifaqa namizəd statusu alması ölkə üçün ciddi siyasi gözləntilər yaratdı, lakin hazırda Ukraynanın bir sıra çətinliklərlə üz-üzə qalması müşahidə olunur. Oxşar vəziyyətin müəyyən mənada Gürcüstanda da yaşandığı görünür. Bu gün isə Aİ-nin Ermənistana eyni yanaşmanı tətbiq etdiyi qeyd olunur".

Politoloq qeyd edib ki, bi vəziyyət müəyyən mənada Azərbaycan üçün əlverişlidir: “Ermənistan daxilində Rusiya–Qərb qarşıdurmasının güclənməsi və geosiyasi proseslərin dəyişməsi Bakının maraqlarına uyğun gəlir. Bir çox ölkədə Qərbyönümlü qruplar fəaliyyət göstərir və onlar müxtəlif mexanizmlərlə dəstəklənərək öz dövlətlərində Avropaya inteqrasiya istiqamətində addımlar atırlar. Bizim regionda da Aİ-yə üzvlüyün hər kəs üçün açıq və asan bir proses olduğuna inanan kifayət qədər insan var. Halbuki real vəziyyət daha mürəkkəbdir".
Ə. Məmmədli bildirib ki, Aİ bir çoxunun təsəvvür etdiyi kimi ideal bir birlik olsaydı, bu təşkilatın üzvü olan Bolqarıstanda qiymət artımları səbəbilə genişmiqyaslı etiraz aksiyalarının keçirilməsi baş verməzdi: "Üstəlik, Bolqarıstan Aİ-yə üzv olmasına baxmayaraq, post-kommunist idarəetmə problemlərini tam şəkildə aradan qaldıra bilməmişdir. Bu, göstərir ki, Aİ-yə üzvlük avtomatik şəkildə sosial-iqtisadi rifah və institusional inkişaf demək deyil. Yəni demək istəyirəm ki, ittifaqa bir çoxunun düşündüyü kimi “cənnət” deyil. Hazırkı mərhələdə görünür ki, Aİ Ermənistanı müəyyən dərəcədə dəstəkləyir, onu sülh razılaşmasını imzalamağa və Rusiyadan uzaqlaşmağa təşviq edir. Lakin yaxın gələcəkdə Ermənistanın Aİ-yə tamhüquqlu üzv olacağı real görünmür".
Fatimə Hacıəliyeva
12:40 10.12.2025
Oxunuş sayı: 1179