Sülhə gedən yolda müəyyən qüvvələr və maraqlı qruplar prosesə mane olmağa çalışır- Deputat
Cənubi Qafqazda sülh gündəliyinin formalaşması regionun siyasi sabitliyi və iqtisadi inkişafı baxımından xüsusi strateji əhəmiyyət daşıyır. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Doha Forumundakı çıxışı göstərdi ki, hazırkı mərhələdə Bakı–İrəvan münasibətləri artıq münaqişə ritorikasından uzaqlaşaraq sülh və əməkdaşlıq istiqamətinə doğru irəliləyir. Bu kontekstdə Zəngəzur dəhlizi də daxil olmaqla bütün nəqliyyat-kommunikasiya layihələri yalnız regional inteqrasiyanı dərinləşdirmir, həm də beynəlxalq tərəfdaşların dəstəyini tələb edən yeni iqtisadi perspektivlər açır. Hikmət Hacıyevin vurğuladığı kimi, ABŞ-nin qərəzsiz vasitəçilik səyləri və iki ölkə arasında bilavasitə dialoqun intensivləşməsi sülh prosesinin səmərəliliyini artırıb. Nəticə etibarilə, Cənubi Qafqazda uzunillik münaqişə səhifəsinin bağlanması və yeni əməkdaşlıq mərhələsinin başlanması regionun gələcək inkişafı üçün mühüm baza formalaşdırır.
Məsələ ilə bağlı Crossmedia.az-a açıqlama verən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Cənubi Qafqazda tarixi bir məqam yetişib: "Məsələ ondadır ki, Azərbaycanın təqdim etdiyi sülh gündəliyi həm də regionun iqtisadi baxımdan dirçəlməsini təmin edir. Bu istiqamətdə, şübhəsiz ki, Zəngəzur dəhlizi açar rolunu oynayır. Zəngəzur dəhlizinin reallaşması təkcə Cənubi Qafqaz ölkələrinə deyil, bütövlükdə Mərkəzi Asiya, Avropa, Asiya və geniş Avrasiya məkanına fayda gətirəcək, həmin coğrafiyada yaşayan xalqların iqtisadi rifahının yüksəlməsinə xidmət edəcək. Bunun üçün ilk növbədə Ermənistan–Azərbaycan münasibətləri qısa zamanda həllini tapmalıdır. Bu reallığı təkcə regional deyil, qlobal aktorlar da görür. Çünki artan rəqabət fonunda prosesdən kənarda qalmaq istəməyən tərəflərin maraqları daha da güclənir".

A.Hüseynovun fikrincə, sülhə gedən yolda müəyyən qüvvələr və maraqlı qruplar prosesə mane olmağa çalışır: "Bu səbəbdən də Ermənistan–Azərbaycan danışıqlarının ikitərəfli əsasda aparılması üçün Azərbaycan siyasi iradə nümayiş etdirdi və artıq kənar vasitəçilərsiz məsələlər həllini tapmağa başlayıb. Məhz ikitərəfli qaydada aparılan danışıqların nəticəsi olaraq tərəflər sülhə addım-addım yaxınlaşırlar. Masada nə qədər çox aktor olsa, bir o qədər çox maraq ortaya çıxır və bu aktorlar həmin maraqları sülh gündəliyinə daxil etməyə çalışırlar. Əvvəllər regionda ABŞ və Rusiya rəqabəti daha qabarıq idisə, indi artıq Avropa İttifaqının da prosesdə fəallaşdığı görünür. Bu isə həm də Avropa İttifaqının qlobal müstəvidə parçalanma təhlükəsi və zəifləməsi ilə bağlıdır".
Parlamentari hesab edir ki, xarici tərəfdaşların, böyük investorların və biznes nümayəndələrinin bölgəyə cəlb olunması məsələlərin daha konstruktiv müstəvidə həllinə şərait yarada bilər: "İri investisiyaların qoyulması həm də regionda eskalasiya riskinin azalması deməkdir. Çünki iqtisadi layihələrdə maraqlı olan istənilən tərəf münasibətlərin revanşist fazaya keçməsinin əleyhinə olacaq. Cənubi Qafqaza nə qədər çox investor cəlb olunarsa, bir o qədər faydalı olacaq. Lakin məsələlərin və sülh gündəliyinin ikitərəfli əsasda aparılması daha məqbul variantdır və Azərbaycan ilk gündən bu mövqeni ortaya qoyaraq buna nail olub. Beynəlxalq medianın rolu günü-gündən artır və artıq xarici siyasət beyin mərkəzlərində, eləcə də beynəlxalq media üzərindən formalaşdırılır. Bu səbəbdən beynəlxalq medianın və xarici tərəfdaşların daha konstruktiv mövqeyi regiondakı siyasi və iqtisadi proseslərin sürətlənməsinə ciddi töhfə verəcək".
Mehriban Yariyeva
10:43 09.12.2025
Oxunuş sayı: 1217