Gürcüstan vətəndaşı olan və orada yaşayan soydaşlarımız yaşadıqları ölkənin dövlət dilini mükəmməl bilməlidirlər - Partiya sədri
Gürcüstanda yaşayan azərbaycanlıların təhsil imkanlarının artırılması və onların həm ana, həm də dövlət dilini mənimsəməsi məsələsi iki ölkə arasında əlaqələrin mühüm istiqamətlərindən biri kimi ön plana çıxır. Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin Tbilisiyə səfəri çərçivəsində səsləndirdiyi fikirlər bu sahədə atılan addımların davamlı və məqsədyönlü xarakter daşıdığını göstərir. Nazir bildirib ki, Gürcüstandakı soydaşlarımız təhsil prosesində dil baryeri ilə üzləşməməli, hər iki dil üzrə yetərli hazırlığa malik olmalı və ali təhsil almaq üçün geniş imkanlardan faydalanmalıdır.
Bu xüsusda “1 plus 4” (1+4) modeli – bir illik dil hazırlığı və dörd illik ali təhsil mərhələsini özündə birləşdirən xüsusi proqram – Gürcüstanda yaşayan azərbaycanlıların təhsil həyatına mühüm təsir göstərib. Bununla belə, Emin Əmrullayev qeyd edib ki, soydaşlarımızın müxtəlif dillərdə təhsil alması və universitetlərə qəbul imkanlarının daha da genişləndirilməsi zəruridir. Bu yanaşma həm gənclərin bilik və bacarıqlarının artırılmasına, həm də Gürcüstan cəmiyyətinə uğurlu inteqrasiyasına töhfə verməklə yanaşı, Azərbaycan-Gürcüstan münasibətlərinin humanitar müstəvidə gücləndirilməsinə xidmət edir.

Məsələ ilə bağlı "REAL" partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Əlbəttə, Gürcüstan vətəndaşı olan və orada yaşayan soydaşlarımız yaşadıqları ölkənin dövlət dilini mükəmməl bilməlidirlər. Bu dili daha yaxşı mənimsəmək onların ictimai və siyasi həyatda aktiv iştirak etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Son illər bu istiqamətdə müsbət tendensiyaların müşahidə olunması da təqdirəlayiqdir. Məsələn, 10–15 il əvvəlki vəziyyətlə müqayisədə bu gün Gürcüstanda yaşayan gənclər dövlət dilini daha həvəslə öyrənirlər. Çünki Gürcüstanda yaşayaraq dövlət dilini bilmədən seçkilərdə iştirak etmək, deputat seçilmək və ictimai-siyasi proseslərə təsir göstərmək mümkün deyil. Halbuki orada yüz minlərlə soydaşımız yaşayır və onların bu proseslərdə fəal rol alması üçün dövlət dilini bilməsi olduqca vacibdir".
Partiya sədri, həmçinin biznes sahəsində uğur qazanmaq, sosial statusunu möhkəmləndirmək, irəli getmək üçün gürcü dilinə bələd olmağın böyük üstünlük olduğunu qeyd edib:
"Bu mənada nazirin səsləndirdiyi fikirləri tam dəstəkləyirəm. Açıqlama doğru istiqamətdə verilmişdir. Yaşadığı ölkənin dövlət dilini bilmək daha çox nailiyyət əldə etməyə və ictimai-siyasi proseslərə təsir etməyə imkan verir. Necə ki, sayca bizim soydaşlarımızdan çox az olan erməni əsilli Gürcüstan vətəndaşları bu reallığı çoxdan dərk ediblər. Onlar dili öyrənir, dövlət orqanlarında vəzifə tuta bilir, deputat seçilir və dövlət idarəçiliyində fəal iştirak edirlər. Deməli, bu məsələdə Gürcüstanda yaşayan soydaşlarımızın gürcü dövlət dilini bilməsi olduqca vacib amildir".
Elmir Heydərli
09:38 08.12.2025
Oxunuş sayı: 1246