Ermənistan Prezidentinin bəyanatı bölgədəki reallıqlar fonunda müsbət siqnaldır, amma…- Deputat
Cənubi Qafqaz regionunda son illər formalaşan yeni siyasi və təhlükəsizlik reallıqları sülh gündəminin aktuallığını daha da artırmışdır. Müharibədən sonrakı mərhələdə tərəflərin qarşılıqlı addımları, danışıqlar prosesinin fəallaşması və ərazi bütövlüyünün bir-birinə qarşılıqsız şəkildə tanınması həm regional sabitlik, həm də gələcək əməkdaşlıq üçün mühüm imkanlar yaratmışdır. Lakin davamlı və dayanıqlı sülhün bərqərar olması yalnız diplomatik razılaşmalarla məhdudlaşmır. Bu prosesin dərinləşməsi üçün iki xalq arasında etimadın möhkəmləndirilməsi, uzun illər formalaşmış psixoloji baryerlərin və qarşılıqlı şübhələrin aradan qaldırılması vacib şərtlərdəndir.
Məhz bu kontekstdə rəsmi şəxslərin sülhə dair mesajları, ictimai rəydə dialoq və yaxınlaşma ideyasının təşviqi, həmçinin humanitar və sosial mübadilə imkanlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Regional sabitliyin davamlı xarakter alması üçün siyasi iradə ilə yanaşı, xalqlar arasında etimad mühitinin bərpa olunması zərurəti artıq danılmaz bir həqiqət kimi qəbul olunur.
Ermənistan prezidentinin fikirləri il bağlı Milli Məclisin deputatı Elnarə Akimova Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Azərbaycanın ünvanına səsləndirdiyi “qarşılıqlı etimad olmadan sülh mümkün deyil” fikri, ilk baxışdan, diplomatik ritorikanın tələbi kimi səslənsə də, əslində bölgədə yaranmış yeni reallıqlar fonunda daha dərin məna daşıyır. O, vurğulayır ki, Bakı və İrəvan arasında hüquqi proses artıq formalaşıb, tərəflər bir-birinin suverenliyini tanıyıb və bu, sülhün əsas dayaqlarından biridir. Xaçaturyanın “bu, zaman məsələsidir” sözləri isə göstərir ki, prosesi birtəhər sürətləndirmək mümkün deyil; etimad tədricən, addım-addım formalaşa bilər.
Təbii ki, belə açıqlamaların nə qədər səmimi olduğu hər iki ölkənin cəmiyyətində suallar yaradır. Çünki Ermənistan daxilində hələ də siyasi və hüquqi baryerlər var: məsələn, konstitusiyada Azərbaycanla ziddiyyət təşkil edən müddəalar, bəzi siyasi dairələrin revanşist yanaşmaları, eləcə də İrəvanın müxtəlif platformalarda ziddiyyətli bəyanatlar verməsi səmimiyyətə kölgə sala bilir.
Analitiklərin bir qismi Ermənistan rəhbərliyinin beynəlxalq təzyiqi azaltmaq, ölkənin geosiyasi mövqeyini qorumaq üçün bəzən real niyyətdən daha çox ritorikaya üstünlük verdiyini düşünür. Bu isə, təbii ki, etimad mühitinin yaranmasına zərər verir.
Digər tərəfdən, ortada ümidverici addımlar da var. Ermənistanın dövlət başçısının istinad etdiyi hüquqi tanınma məsələsi, hər iki tərəfin sərhədlərin müəyyənləşdirilməsi prosesinə başlaması, cəmiyyətlər arası dialoqun təşviqi üçün müxtəlif vətəndaş təşəbbüslərinin İrəvanda keçirilməsi və Azərbaycanın bir sıra logistik məhdudiyyətləri aradan qaldırması müəyyən etimad jestləri kimi görünür. Bunlar hələ kiçik addımlar olsa da, diplomatik psixologiyada çox vacibdir: tərəflərin bir-birinə niyyətini yoxlamaq və gələcək fəaliyyət üçün zəmin yaratmaq imkanı verir. Bu vəziyyətdə Ermənistan Prezidentinin sözlərinin səmimiliyinə inam yalnız bir halda - proses real addımlarla müşayiət olunarsa möhkəmlənə bilər. Sülh müqaviləsinin imzalanması və ratifikasiyası, sərhədlərin tam delimitasiya və demarkasiyası, hərbi təxribat risklərini aradan qaldıracaq mexanizmlərin qurulması, iqtisadi əlaqələrin açılması, kommunikasiyaların bərpası, mədəni və humanitar əlaqələrin gücləndirilməsi — bütün bunlar etimadı kağız üzərində yox, gündəlik həyatda hiss edilən hala gətirər. Bu addımlar olmadıqca, açıqlamalar diplomatik jest olaraq qalacaq".
Deputat, həmçinin etimadın, həqiqətən, formalaşması üçün Azərbaycan kimi Ermənistanın siyasi rəhbərliyi də cəsarətli qərarlar verməli olduğunu qeyd edib: "Tarixi gərginlik, illərlə davam etmiş düşmənçilik insanların yaddaşında və emosional reaksiyalarında hələ də canlıdır. Buna görə də Xaçaturyanın dediyi kimi, proses zaman tələb edir. Bu “zaman”ın nə qədər çəkəcəyi isə Ermənistanın nə dərəcədə ardıcıl və səmimi davranacağından asılıdır. Nəticə olaraq, Ermənistan Prezidentinin bəyanatı bölgədəki reallıqlar fonunda müsbət siqnaldır, amma səmimiyyətin sübutu yalnız real addımlarla mümkündür. Əgər İrəvan iddia etdiyi kimi, qarşılıqlı etimadın yaranmasını istəyirsə, bunu siyasi ritorikada yox, əməli mərhələdə nümayiş etdirməlidir. Sülhün gerçəkliyə çevrilməsi üçün bunun alternativi yoxdur".
Elmir Heydərli
18:19 22.11.2025
Oxunuş sayı: 15779