Moskva çalışır ki, Ermənistan və Azərbaycan arasında daim gərginlik yaransın- Professor
Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması Cənubi Qafqazın siyasi sabitliyi və regionun inkişafı üçün həlledici əhəmiyyət kəsb edir. Bu baxımdan Rusiyanın mövqeyi xüsusi diqqət mərkəzindədir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva bu məsələdə açıq və ardıcıl mövqe nümayiş etdirir, səylərini regionda dayanıqlı sülhün təmin olunmasına və iqtisadi-ictimai çiçəklənmənin dəstəklənməsinə yönəldir. Zaxarova həmçinin qeyd edib ki, 2020 və 2023-cü illərdə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsləri sayəsində Qarabağda qan tökülməsinin qarşısı alınmış, üçtərəfli razılaşmalar isə Bakı ilə İrəvan arasında sülh prosesinin yol xəritəsi kimi aktual olaraq qalır. Rusiya tərəfi Cənubi Qafqaz ölkələri və onların qonşularının maraqlarını nəzərə alaraq qarşılıqlı sərfəli həllərin əldə olunmasına yardım göstərməyə hazır olduğunu vurğulayır.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən siyasi elmlər doktoru, professor Sabir Məmmədli bildirib ki, Rusiya Cənubi Qafqazda baş verən proseslərdən uzaqlaşmaq fikrində deyil və burada öz fəallığını qoruyub saxlamağa çalışır: "9–10 noyabr bəyanatı birbaşa Rusiya təsiri ilə imzalanmışdı və Moskva gələcəkdə də bu regionda mövcudluğunu görmək istəyir. İndiki mərhələdə isə 8 avqust Vaşinqton görüşündə imzalanan bəyanat və memorandumda ABŞ-ın prosesi rəhbərlik edəcəyi, moderatörlük edəcəyi qeyd olunur".

O, əlavə edib ki, Zaxarovanın açıqlamaları yalnız Rusiya auditoriyasına deyil, həm də kənar izləyicilər üçün nəzərdə tutulub: "Eyni mesajı Ermənistan cəmiyyəti və parlamentində revanşist və müxalif qüvvələr də vurğulayır. Onlar hesab edirlər ki, 9–10 noyabr bəyanatı qüvvədən düşməyib və gələcəkdə sülh prosesində Rusiyanın moderatörlüyü önəmli rol oynayacaq".
Professor qeyd edib ki, Rusiya bu proseslərdən uzaqlaşmaq niyyətində deyil və Ermənistan daxilində Paşinyana qarşı olan qüvvələrə dəstək verərək regiondakı mövcudluğunu qorumağa çalışır: "Məsələn, Putinlə Tramp arasında son telefon danışığında Putinin Ermənistandakı proseslərlə bağlı Amerika ilə birgə fəaliyyət ideyası Tramp tərəfindən rədd edildi. Bu göstərir ki, Kremlin rəhbərliyi Cənubi Qafqaz məsələsində geri çəkilmək fikrində deyil. 2026-cı ilin iyun ayında Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində Rusiya və Ermənistan daxilində Paşinyana qarşı qüvvələr daha fəal olacaq. Bu, sülh prosesinə real töhfə verəcəkmi? Sözsüz ki, Rusiyanın əsas məqsədi öz maraqlarını qorumaqdır. Moskva çalışır ki, Ermənistan və Azərbaycan arasında daim gərginlik və etimadsızlıq yaransın, bu da Kremlin moderator rolunu gücləndirsin və regionda mövcudluğunu təmin etsin".
Mehriban Yariyeva
19:36 21.11.2025
Oxunuş sayı: 1304